Yeri parçalayıb əzəmətiylə

Torpaqdan elə bil divlər qalxdılar...

 

O tarixi anları, hər birimizin ruh olaraq bədənimizi tərk edib səngər-səngər dolaşdığımız, qəlpə-qəlpə “yaralandığımız”, torpaq olub qarış-qarış “azad” olduğumuz vaxtda yazıçı-dramaturq İlqar Fəhminin “Balaca kişilər” adı verdiyi igidlik vəsfi duyğularımıza qol-qanad verdi.

Əməkdar artist, Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Nicat Kazımovun səsləndirdiyi misralar cəbhədən gələn acılı-şirinli, sevincli-kədərli, qaralı-ağlı xəbərlərin fonunda ayrı bir duyğu burulğanı yaratmışdı.

Yox, əlli yaş azdı, yüz yaş, beş yüz yaş
Bircə saniyədə qocalır adam.
Səngərdən qalxanda, öz boyundan da
Beş yüz dəfə artıq ucalır adam...

Canı, qanı Vətən torpağına qarışa-qarışa yaddaş olan, sirdaş olan, əbədiyyət olan oğulların ədəbiyyata dönüşü idi bu şeir. Odur ki, eləcə poetik söz olaraq qala bilməzdi. Qalmadı da. Nəticədə sonsuzluğa uzanıb, bizləri vətənsizlik əzabından qurtarıb, didərginlik girdabında sıxılmağa qoymayanlar haqqında səhnə nümunəsinə çevrildi.

Beləcə, Vətənə sədaqət andı içən böyük igidlərə həsr olunan “Balaca kişilər” səhnəyə çıxaraq bizə bir də oradan səsləndilər...

Vətən sevdalı, şəhid ehtiramlı, qazi qürurlu tamaşa bizi mətləbdən uzaqlaşmağa bir an belə qoymadı. 44 günlük savaşdan bəhs edən tamaşada ən vacib məqam onun yüksək vətənpərvərlik yükü, emosional təsir imkanı, təbii təsvir forması və səmimi ifadə üslubudur. Heç bir pafos, heç bir vəziyyətə görə çılğın əlavələrdən istifadə olunmamışdı. Tərtibatdan replikalara, dialoqlardan ən kəskin təsvir elementlərinə qədər hər nəsnə bizi iki zaman arasında qoyurdu: uzaq keçmiş və yaxın dünən.

Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Vüsal Rahimdir. Rolları Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Bəhram Əliheydər, Rəşad Səfərov, Araz Pirimov, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, Nurlan Süleymanlı, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar Seyfullayev, Mirzəağa Mirzəyev ifa edirlər.

Qeyd etdiyim kimi, tamaşa zaman üçün qısa, tarix üçün böyük nəticələr hasil edən 44 günlük İkinci Qarabağ savaşının gənc qəhrəmanlarına həsr olunub. Onlar müharibəni o ana qədər kitablarda oxuyub, filmlərdə izləmiş, döyüşü kompüter oyunlarında görmüş, Vətən, ölüm, şəhadət haqqında fikirləri sosial şəbəkələrdə oxuyub, patriotik söz savaşında itib-batan rəylərdən oxumuşdular. Hələ nə yatıb, nə yuxu görmüşdülər ki?!

Cəmi 4-5 ayın əsgərləri – daim tarixi şəxsiyyətləri mühakimə edə-edə onlara həm də bəraət verməyə çalışan tarix müəllimi, Rejissorluq fakültəsinin böyük kino arzulu məzunu, əmisi oğlunun qisasını almaq üçün düşmənə kini ürəyində böyüdə-böyüdə məqam gözləyən, şuşalı ola-ola Şuşa həsrətlisi, heç vaxt görmədiyi atasına qovuşmaq arzulu internat sakini, nişanlısını gözü yolda qoyub, toy günlərini saya-saya xəyallarda xoşbəxt olan aşiq, Yaradan ilə Vətən sevgisini eyni tarazlıqda saxlayan dindar, qısası, bir qabdan yemək yeyib bir-biri ilə ən sadə arzularını belə sevə-sevə bölüşən balaca kişilər birdən-birə müharibə alovunun tam ortasına düşürlər.

Tamaşa da elə beləcə başlayır: düşmənin yeni postunu ələ keçirib, növbəti əraziləri azad edən xüsusi təyinatlı qüvvələrin döyüşçüləri yeni mövqelər üçün irəli getməlidirlər. Posta nəzarət gənc əsgərlərə tapşırılır. Bir də yaralı zabitə. Beləcə, yaralı zabit ilə gənc əsgərlər baş-başa qalırlar.

Hadisələr də bundan sonra başlayır. Posta erməni əsgər soxulur, ardınca gözlənilməyən qonaqlar – gizlənmiş həmlə qruplarının aramsız hücumları başlayır. Bayaqdan postun kənarındakı düşmən cəsədlərindən qorxub iyrənən, erməni əsirə “Qarabağ Azərbaycandır!” dedirdən, yeni postu özləri alıbmış kimi pozalar verib, sosial şəbəkələrə şəkillər göndərənlər çətin vəziyyət qarşısında qalırlar.

Düşmən sayı çox, əlavə qüvvənin gəlişi də xeyli gec. Amma bir yol da var: qoyub getmək. Bu barədə düşünənlər də olur. Bu işdə erməni əsirin “əməyi” lap çox olur. Hə, bir də “Anam mənim ölümümü bilsə, ürəyi partlayar”, “Mən toyumun olmasını istəyirəm”, “Qarabağ haqqında film çəkməliyəm” kimi “məsum” səbəblər. Amma bu qorxu və həyat eşqindən ən üstə olan başqa bir duyğu – Vətənə sevgi ağır basır və balaca kişilər sonadək vuruşurlar.

Burada erməni əsirin hiyləsinin qurbanı olan da, açıq döyüşdə şəhadəti dadan da, ani zəfəri qeyd edəndə snayperə tuş gələn də, ilk həmlədə kontuziya alıb ürəyində və dilində Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan, Qarabağın hökmdarı İbrahim Xəlil xan, Bakı hakimi Hüseynqulu xanla dərdləşib-döyüşən əsgər də qəhrəman olur.

Nəticə olaraq biz bir anın içində böyüyən, dəyişən və qəhrəman kimi əbədiləşən balaca kişiləri görürük. Az qala hər birimizin həyatda görüb, zamansız itkisi ilə barışmadığımız Vətən daşına çevrilən igidləri.

Tamaşanın emosional təsiri yüksəkdir. Hərəkət, tərtibat, musiqi həlli və ən əsası, rejissorun fərqli zamanlar arasında sinxron rabitəsi və bu əlaqələndirmədəki fakt yığınından qaçmaqla həm də zaman və şəxsiyyətlərin təsviri yaxşı düşünülüb. Məsələn, tamaşaçı bir-biri ilə dialoqa gələ bilməyib, əsrlərdi bir-birini ittiham edən xanları da, vahid dövlət yaratmaq üçün minlərlə qurbanlar verən şahları da, böyük amallar üçün dəfələrlə qırğına verilən sadə adamları da zamanın süzgəcindən keçirir. Beləcə, bizə miras qalan düşmən və onunla mübarizəmizdəki hələlik son döyüşdə hər kəs nə babaları qınayır, nə də miras qalan yükü sabaha saxlamaq istəyir.

Tamaşanın tərtibatı – post, sağ və sol kulislərdəki qala qapısı xarakterli tarixi keçidlər və mərkəzdə qurulub kökü zala yayılan ağac çoxqatlı tərtibatın sadə və məzmunlu təsvirini verir. Mizandan mizana hər kəs – qala qapılarından çıxıb posta qalxan şah və xanlar da, şəhid olduqdan sonra işığa qovuşan əsgərlər də ağacın gövdəsindən keçərək gedirlər. Sadə tərtibatın ən təsirli izharı torpaq üçün canından keçənlərin orada əbədi kök salacaqlarına və bütün zamanlarda vahid bədən və ruh kimi qalacaqlarına işarədir.

Aktyor oyununa gəlincə, ayrılıqda  müqayisə aparmaq bir az çətindir. Çünki biz burada ifaçılıq məharəti, aktyorların fərdi bacarıq və təsir imkanlarını ayrılıqda nümayişindən çox kollektiv bir iş gördük.

Doğrudur, tamaşanın müəyyən elementləri, dramaturji xəttindəki qüsurları da yox deyildi. Sadəcə, bu bir səhnə təcrübəsi və emosionallığın diktəsi ilə hasil olan işdir deyə istənilən mühakimə və müqayisə qüsurlu ola bilər.

Onu da qeyd edək ki, İlqar Fəhminin “Balaca kişilər” poeması 44 günlük Vətən müharibəsi dövründə ərsəyə gəlib. Az sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Vətən müharibəsi mövzusunda elan etdiyi müsabiqədə qalib olub. Deməli, digər teatrlar da belə müsabiqə təşəbbüsləri irəli sürüb, yeni səhnə işlərinin, bu mövzularda tamaşaların səbəbkarı ola bilərlər...

Həmidə