“Qonaq teatr” layihəsinin növbəti iştirakçısı

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə həyata keçirilən “Qonaq teatr” layihəsinin növbəti iştirakçısı Şəki Dövlət Dram Teatrı olub. Yaradıcı kollektiv iyunun 5-də ATXİ-nin səhnəsində türk yazarı Toyğun Orbayın “21:15 qatarı” adlı səhnə əsərini təqdim edib.

Əvvəlcə ATXİ sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti Hacı İsmayılov çıxış edərək Şəki Dövlət Dram Teatrının fəaliyyətindən söz açıb, yaradıcı kollektivi teatrın 90 illiyi münasibətilə təbrik edib. Bildirib ki, bu il çox əlamətdar ildir, Ümummilli lider Heydər Əliyevin anadan olmasınin 100 illiyi, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyidir. Bu il eyni zamanda 4 teatrın yubileyidir.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının “Qonaq teatr” layihəsi çərçivəsində bölgə teatrları Bakıya qastrol səfəri edirlər. İlk olaraq bu yaxınlarda Ağdam teatrının yaradıcı kollektivi bu layihədə iştirak edərək şəhidlərimizə həsr olunmuş “Şuşadan gələn səs” tamaşası ilə çıxış edib. İndi isə Azərbaycan mədəniyyətində öz yeri olan Şəki Dövlət Dram Teatrının kollektivi bizim qonağımızdır.

Sonra “21:15 qatarı” tamaşası nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Surə İslamova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Rolları Akif Yusifov, Rəhim Qocayev, Lalə Məmməd, Rəsul Məmmədrəhimov ifa ediblər.

Sonda Şəki Dövlət Dram Teatrının 90 illiyi münasibətilə və milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə teatrın kollektivi ATXİ-nin fəxri fərmanı ilə təltif olunub.