Çağdaş dövrümüzdə incəsənətin inkişaf etməsi, yeni nəsillərin formalaşması üçün, sözsüz ki, peşəkarlardan faydalanmaq lazımdır. Müəllimlərinin böyük dəstəyi ilə bu gün həvəslə yaradıcılığa uğurla qədəm qoyan və çalışan gənclərimiz çoxdur. Gənc istedad Yusif Yaşar da onlardan biridir.
Yusif Yaşar 2009-cu ildə Bakıda anadan olub. İlyas Əfəndiyev adına Elitar gimnaziyanın şagirdidir. Hazırda 8-ci sinfi bitirən Yaşarın təsviri sənətə marağı kiçik yaşlarından başlayıb. Valideynləri 2017-ci ildə onu rəssam Nəvai Mətinin rəhbərlik etdiyi “Sedet Art” kursuna yazdırırlar. Bu kursda o, rəsm qabiliyyətini inkişaf etdirərək müxtəlif sərgi və müsabiqələrə qatılır. Misal olaraq, Vətən müharibəsində tarixi Qələbəmizə həsr olunmuş “Zəfərimiz uşaqların gözü ilə”, Azərbaycan-Qırğızıstan diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş “Qırğızıstan Azərbaycan rəssamlarının gözü ilə”, eləcə də 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sərgilərdə diplom, sertifikat və mükafatlara layiq görülməsini qeyd etmək olar.
Yusif Yaşar 2022-ci ildə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Vətənlə döyünən ürək” adlı sərgidə də fəxri fərmanla təltif olunub. Müəllimləri Təranə Musayevanın təşəbbüsü, Nəvai Mətinin dəstəyi ilə 2021-ci ildə onun “Rəngli dünyam” adlı ilk fərdi sərgisi də keçirilib. Bu günlərdə rəssam-pedaqoq Təranə Musayevanın təşəbbüsü, məktəbin direktoru Səadət Cahandarovanın dəstəyi ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Zəfər yolu” adlı ikinci fərdi sərgisi də böyük marağa səbəb oldu.
Rəssam-pedaqoq Təranə Musayeva digər şagirdləri kimi Yusif Yaşarın da rəssamlıq sahəsində professional yetişməsi üçün səylərini əsirgəmir. Elə müəlliminin dəstəyi ilə mayın 14-də onun Tahir Salahovun Ev-Muzeyində sayca 3-cü fərdi sərgisi keçirildi. Gənc rəssamın tarixi Zəfərimizlə əlaqədar 44 əsərinin nümayiş olunduğu sərgi ilə tanış olan hər kəs ona yeni uğurlar arzu etdilər. Biz də bu arzulara qoşuluruq.
Ziyarət Cabarova
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı, sənətşünas