“Heydər Əliyev və musiqi mədəniyyəti” kitabı haqqında qeydlər

 

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi silsilə mədəni tədbirlər, müsabiqə və festivallarla yanaşı, müxtəlif nəşr layihələrinin də həyata keçirilməsinə zəmin olub. Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) təqdimatı keçirilən “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabı da belə layihələrdən biridir.

Əlbəttə, belə bir kitabın illər əvvəl yaranması zəruri idi, ancaq nə xoş ki, o məhz bu il, Ümummilli lider Heydər Əliyevin 100 illiyində hazırlanıb və nəşr edilib. Bu işin ərsəyə gəlməsində layihənin rəhbəri ABİ-nin sədri Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin rolunu xüsusilə qeyd etməliyik. Kitabın tərtibatçı-müəllifi musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızıdır.

Bu yerdə bir məqama diqqəti çəkmək istərdim. İki il öncə, 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “İlham Əliyev və musiqi mədəniyyəti” adlı kitab işıq üzü görmüşdü. Bu kitabın da ideya rəhbəri, məsləhətçisi Firəngiz Əlizadə, tərtibatçısı isə Səadət Təhmirazqızı idi.

“Heydər Əliyev və musiqi mədəniyyəti” kitabının ilk səhifələrində Prezident İlham Əliyevin sitatı ilə rastlaşırıq: “Heydər Əliyevin ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır və onun qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir”.

Doğrudan da, mədəniyyətin, xüsusilə də incəsənətin hansı sahəsindən danışırıqsa danışaq, orada Heydər Əliyevin rolu və əhəmiyyəti əvəzsiz və müstəsnadır. Dövlətçilik tariximizdə parlaq səhifə açan Heydər Əliyev görkəmli dövlət xadimi, müdrik siyasətçi olmaqla yanaşı, həyatı boyu mədəniyyətə xüsusi sevgi və məhəbbətlə yanaşıb. Onun bu sözləri də, əslində, mədəniyyətə verdiyi dəyərin göstəricisidir: “Xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də böyük rolu var, ancaq xalq həmişə mədəniyyəti ilə, elmi ilə tanınıb”.

Kitabı vərəqlədikcə onun mədəniyyətimizin inkişafı üçün gördüyü işlərin nə qədər genişmiqyaslı olduğunu bir daha dərk edirik.

Kitabın bölmələri məntiqi ardıcıllığa əsaslanır. İlk bölmədə Firəngiz Əlizadənin “Gəncliyimizin parlaq xatirələrindən” adlı yazısı yer alıb. Bu xatirələrdə biz həm musiqini sevən, onu bütün varlığı ilə hiss edən, həm də musiqini mükəmməl bilən görkəmli şəxsiyyəti görürük.

Musiqişünas Səadət Təhmirazqızının “Dahi şəxsiyyətin ruhuna ehtiramla” adlı sərlövhəli yazısında Heydər Əliyev fenomeninin obrazı təqdim olunur.

Kitabın “Heydər Əliyev musiqi sənəti və musiqi xadimləri haqqında müdrik fikirləri” adlı hissəsində Ulu öndərin incəsənət xadimlərinə xüsusi qayğı, sevgi ilə yanaşmasının, musiqinin professional surətdə araşdırmağının bir daha şahidi oluruq. Burada biz onun nəinki ifaçılar, bəstəkarlar, həmçinin musiqi sənəti və janrları haqqında bir çoxu sitata çevrilmiş dəyərli fikirlərini oxuya bilirik.  

“1969-1982-ci illərdə Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” adlı hissədə  Heydər Əliyevin respublikaya ilk rəhbərliyi dövründə sənət adamları ilə görüşləri, dostluq münasibətləri, daim problemləri ilə maraqlanması, onlara yaxından kömək etməsi, xüsusi dəstəyi əksini tapıb. Bu bölmədə Heydər Əliyevin Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayındakı proqram xarakterli çıxışını da xüsusilə qeyd etməliyik. Bu çıxış sonra “Bəstəkarın yüksək amalı və vəzifələri” başlığı altında nəşr edilmişdi. Kitabda həmin çıxış tam şəkildə oxuculara təqdim edilib.

Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hələ sovet dövründə Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin ev-muzeylərinin yaradılmışdı. Bu xüsusda Üzeyir Hacıbəylinin, Niyazinin, Bülbülün və digərlərinin ev-muzeylərini də göstərə bilərik. Bu mövzu da, əlbəttə ki, kitabda diqqətdən kənar qala bilməzdi. “Heydər Əliyev və görkəmli mədəniyyət xadimlərinin ev-muzeyləri” başlığı altında biz yuxarıda sadaladığımız mövzuda geniş yazı ilə tanış ola bilirik.

Heydər Əliyevin siyasəti, Azərbaycan naminə gördüyü tarixi işlər, o cümlədən mədəniyyət və incəsənətimizə misilsiz diqqət-qayğısı müstəqillik dövründə öz zirvəsinə yetişdi. “1993-2003-cü illərdə Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” bölməsində bu barədə ətraflı bəhs olunur.

“Sovet dövrünə aid tarixi sənədlər və fotoalbom”, eləcə də “Ulu öndərin musiqi xadimləri ilə foto yadigarları” adlı hissələrdə biz bir çox tarixi anlara şahidlik edirik.

Heydər Əliyev daim müxtəlif konsertlərdə, yubiley gecələrində iştirak etmiş, bir-birindən maraqlı çıxışları ilə dinləyicilərin zövqünü oxşamışdı. “Yubileylər, məktublar”, “Fərman və sərəncamlar”, “Görüşlər”, “Mükafat, orden və medallar” adlı bölmələrdə onun bu qəbildən bir çox çıxışları, söhbətləri ilə bir daha yaxından tanış oluruq.

Musiqiyə dərindən bağlı olan Heydər Əliyev fenomeni, onun obrazı bəstəkarlarımızın qələmindən də kənar qalmayıb. Bu bir çox bəstəkarlarımızın müxtəlif həcmli əsərlərində öz əksini tapıb. “Musiqidə əbədiləşən ömür” sərlövhəsi altında belə əsərlər və onların təhlilləri ilə tanış oluruq. Onların içərisində Cövdət Hacıyevin 8 saylı “Onu zaman seçib” adlı simfoniyası, Arif Məlikovun “Əbədiyyət” simfoniyası, Firəngiz Əlizadənin “İthaf” əsəri, Oqtay Rəcəbovun “Heydər” oratoriyası, Ramiz Mustafayevin “Mənim müasirim” oratoriyası, Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında oda” və s. nümunələri qeyd edə bilərik.

Kitabı oxuduqca mövzudan mövzuya axarlı keçid, hər bölmə və ya bölmələr arasında Səadət Təhmirzaqızının maraqlı, publisistik, eyni zamanda elmi üslubda yazı-qeydləri oxucuya zövq verir. Bu sadəcə, bir tərtibatçılıq, sənədlərin, çıxışların və s. toplanılması deyil, Ulu öndər Heydər Əliyevin bizə bəxş etdirdiyi fundamental irsin zəngin məcmusudur.

Leyla Zöhrabova
sənətşünaslıq üzrə elmlər doktoru, dosent