Tanınmış şair, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fəridə Hacıyeva ömrünün 70-ci baharını yaşayır. Özü də bədii sözlə, hikmətlə qol-boyun. O, uzun illər Azərbaycan Milli Kitabxanasında çalışıb, kitablar həyatının mənasına çevrilib. Aşıb-daşan ilhamı ilə həm də bu zəngin mühitdən güc alıb.
“Məni məndən alan dünya” (1998), “Dünyama qovuşacağam” (2000), “Göylər pənahım mənim” (2003), “Bağışla, Vətən, bağışla” (2004), “Qaytaram Tanrı sevgisin” (2010) və s. kitabları nəşr olunub.
Fəridə Hacıyeva “Gül açan xatirələr”, “Ümid çırağı”, “İtirilmiş yurd yeri” adlı pyeslərin və görkəmli rumın şair Mixay Emineskudan etdiyi tərcümələrdən ibarət “Ulduzlardan pay istərəm” kitabının müəllifidir. Mədəniyyət Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görülən şairin bir sıra şeirlərinə mahnılar bəstələnib.
“İnsanlığın sevgisini gəzirəm Torpağımın cadar-cadar üzündə” deyən Fəridə xanımı əlamətdar yubileyi münasibətilə təbrik edir, cansağlığı və yaradıcılıq uğurları arzulayırıq. Rəssam və müğənni Sənan Nağının şairin yaradıcılığı haqqında yazısını təqdim edirik.
***
Fəridə Hacıyevanın şeirlərində İlahi sevgi, insan və vətən məhəbbəti vəhdət təşkil edir. O, vətənin torpağına, daşına vurğundu. Bu vurğunluq onun iç dünyasının təmizliyindən, İlahiyə, insanlara və təbiətə olan səmimi münasibətindən qaynaqlanır. Şair əşyaya könül pəncərəsindən nəzər salır:
Göydə ulduzlar sayrışır,
Arzu diləyə qarışır.
Yazın ətirli havası,
Vuran qəlbimdə dolaşır.
Göydə parlayan ulduzlar, qəlbindəki arzu-dilək, yazın ətirli havası onun üçün bir-birindən ayrı deyil, bir-birini əvəz edən, biri digərini təsdiq edən amillərdir. Özünün dediyi kimi, vuran qəlbində dolaşır. Şair sözünün gücünü sevgidən alır, bu sevgi sadəcə naturalist bir sevgidən ibarət deyil, o ucu-bucağı bilinməyən, yerə göyə sığmayan bir tək saleh insanların könlünə sığa biləcək bir sevgidir, şair onu həm tapıb, həm də axtarır:
Sevgi gəzirəm,
Babam,
Sevgi,
Bir mərifət sevgisi.
Tutub
Haqqın ətəyindən,
Görən kimdi
itkisi?
Sevgi gəzirəm,
Babam,
Sevgi.
Yer üzünün
Özündə.
O, mərifət sevgisini, həqiqəti axtarır. Bu fani dünyaya həyat verən, onu canlandıran Haqq dərgahından gələn, içiboş qupquru bir qamışdan hazırlanmış neyi ruhlandıran o həqiqi nəfəsi axtarır. O nəfəs ki, cənnətin xəbərçisi, insanlığın cövhəridir və ümumiyyətlə, bütün kainatı ayaqda tutur. Əzəldən əbədiyyətə bütün olanlar onun əsəridir:
Dərgahımın qapısına çatmışam,
Hu... ərənlər, mənə bir yol göstərin.
Nəfəsimdə gül-çiçəyin qoxusu,
Qoy açılsın bu cənnətdə gözlərim.
Sizi görüb mən bir hala düşmüşəm,
Könül dinir, könül mənim həmdəmim,
Ney səsinin həzinliyi içimdə,
Öz dünyamın xoş dəmidi, xoş dəmi.
İnsanlığın sevgisini gəzirəm
Torpağımın cadar-cadar üzündə.
Yerdə, göydə hər nə varsa, gözəldi,
Xoş nidadı öz Tanrımın gözündə.
Şairin sözləri ancaq təxəyyül dünyasının məhsulu deyildir, onlar əbədi canlı olan könül dərgahından süzülüb gələn nəfəslərdir. O könül dərgahı ki, bütün yer üzünün suları mürəkkəb olsa, yenə də bu gözəlliyi, bu möhtəşəmliyi layiqincə təsvir edə bilməz, o könül dərgahı ki, əsrlər boyu sufilər, ərənlər, Mövlanələr, Yunus Əmrələr, Aşıq Veysəllər o dəryaya baş vurub, oradan mirvarilər toplayıb əbədiyyətə qərq olublar:
Dünyama dürr səpilir,
İlahinin səsindən.
Yunus Əmrə, Mevlana,
Veysəlin nəfəsindən.
Ruhumda min havacat,
Şah damar tərpənişdə.
Seçilməm könülləri,
Seyr edən bir dərvişdən.
“Mən sizə şah damarınızdan daha yaxınam” buyuran Allahın sevgisi və yaxınlığı şairin şeirlərində öz əksini tapıb. Şair onu yaradan, ona ilham bəxş edən Rəbbindən razıdır, ona qul olmanın sevinci və həyəcanını bu cür tərənnüm edir:
Allahımdan razıyam,
Mənə həyat, can verdin.
Gözəlliyi, sevgini,
Quluna haçan verdin?!
Allahımdan razıyam,
Əlim lütfünə sarı.
Könlümün lətif dadı,
Gözümə görün barı.
Fəridə Hacıyeva üçün Allah qorxub qaçılacaq bir varlıq deyil, seviləcək dost olunacaq bir varlıqdır. Özünün dediyi kimi, “Könlümün lətif dadı”. Bu mənəvi dadın, məhəbbətin həyəcanı ilə onu görmək, onu yaxından tanımaq istəyir. Əlbəttə ki, bu “görmək” könlün, qəlbin, ruhun görməsi, bilməsidir.
Şairə ucsuz-bucaqsız, sonsuz olan “Könül dərgahı”na daha neçə belə səfərlər edib, neçə belə söz mirvarisi toplamasını arzulayırıq.