Bütün gövhərlərin rəngi parlaqdır,
Hamısından xoş gələn yenə torpaqdır... –

deyirdi səkkiz əsr öncə Azərbaycanın dünyaya bəxş etdiyi dahi Nizami Gəncəvi. Mütəfəkkir şairin doğma yurdunun otuz il yağı tapdağında qalmış torpaqları bu gün dirçəlir, yenidən qurulur, eyni zamanda dünya ya sülh, tərəqqi, əməkdaşlıq mesajları ünvanlayır. Nizami irsinin ümum bəşəri dəyərləri işığın da bir araya gələn dünyanın tanınmış insanları da beynəlxalq birliyin diqqətini Azərbaycanın sülhpərvər siyasətinə, dinc yanaşı yaşama niyyətinə çəkmək üçün bu prosesə töhfə vermək istəyirlər.

***

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 7-də Şuşa da “Yenidənqurma, sülh və inteqrasiya: enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda beynəlxalq tədbir keçirilib. Tədbir də müxtəlif ölkələrdən 30-dan çox nümayəndə iştirak edib.

Açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən hazırlanan və Azərbaycanın işğal dan azad edilmiş torpaqlarının bərpası prosesindən bəhs edən videoçarx nümayiş olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov açılış nitqi ilə çıxış ediblər. Prezidentin xüsusi nümayəndəsi azad olunmuş torpaqlarda görülən işlərdən bəhs edib, bu istiqamətdə müxtəlif işçi qruplarının fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Tədbir işini panel iclaslarla davam etdirib.

 

Yenidənqurma, sülh və inteqrasiya

 

Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə “Yenidənqurma, sülh və inteqrasiya” mövzusunda keçirilmiş birinci panel iclasında Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti, səfir Suzan Elliott, BMT Baş Assambleyasının 75-ci sessiyasının (2020) prezidenti olmuş Volkan Bozkır (Türkiyə), Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış ediblər.

Azad olunmuş ərazilərimizdə böyük infrastruktur işlərinin görüldüyü və bölgədə sülhün bərqərar olmasının inkişaf üçün vacibliyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üçün minaların təmizlənməsi mühüm rol oynayır və ölkəmiz bu zamana qədər minatəmizləmə sahəsində doğru addımlar atıb. Eyni zamanda insanların doğma torpaqlarına qayıdışı, onların yaşayış şəraiti və işlə təmin olunmaları üzərində işlərin davam etdirildiyi bildirilib.

 

Mədəni irs və ortaq dəyərlər

 

İrqçiliklə Mübarizə üzrə Avropa Şəhərlər Koalisiyasının (ECCAR) prezidenti Benedetto Zakçirolinin moderatorluğu ilə keçirilən “Mədəni irs və ortaq dəyərlər” mövzusunda ikinci paneldə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, ICESCO-nun sabiq baş direktoru Əbdüləziz əl-Tüveycri və UNESCO-nun xoşməramlı səfiri Hedva Serin çıxışları dinlənilib.

Çıxışlar zamanı Qarabağın gələcəyinin və burada ətraf mühitin bərpasının iqtisadi artıma töhfə verdiyi qeyd edilib, ərazilərin işğaldan azad olunandan sonrakı və bugünkü mənzərəsi arasında çox böyük fərqlərin olduğu söylənilib. İşğal zamanı Azərbaycanın 200-ə yaxın tarixi abidəsinin dağıdıldığı, bu gün bu abidələrin mərhələli şəkildə yenidən qurulmasının və bərpasının həyata keçirildiyi diqqətə çatdırıb. Növbəti 4 il ərzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Şuşaya bir neçə min nəfərin köçürülməsinin nəzərdə tutulduğu qeyd olunub.

“Təşkilatın əsas məqsədlərindən biri də mədəni irsi qorumaq və bərpa etməkdir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, tarixi şəhəridir. Şuşanın mədəni irsini qorumaq bütün insanlığın borcudur”, – deyə UNESCO-nun xoşməramlı səfiri Hedva Ser bildirib.

O qeyd edib ki, UNESCO-nun vəzifələrindən biri də dünyadakı mədəni diplomatiyanı, xalqlar arasındakı əlaqələri, problemlərin həllinin dialoqla reallaşmasını dəstəkləməkdir. Dünyadakı dəyişikliklər xalqlar arasındakı əlaqələrə təsir etməməlidir.

***

Daha sonra Moldovanın sabiq hökumət başçısı Kirill Qaburiçin moderatorluğu ilə “Kapital və iqtisadi inkişafın uyğunlaşdırılması” və Gürcüstan baş nazirinin sabiq müavini Eka Tkeşelaşvilinin moderatorluğu ilə “Enerji və dayanıqlı inkişafın ekoloji çətinlikləri” mövzularında panellər keçirilib.

Monteneqronun və Xorvatiyanın sabiq prezidentləri Filip Vuyanoviç, İvo Yosipoviç, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilmiş ərazilərə investisiyaların qoyulmasının, böyük şirkətlərin işğaldan azad edilmiş ərazilərə cəlb olunmasının əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, şirkətlərin “tax-free” xidmətindən istifadə edərək bu cür məskunlaşmalar üçün yatırımlar edə bilmə imkanları mövcuddur. Həmçinin işğaldan azad olunmuş ərazilərə qayıdış prosesindən, insanların əsas ehtiyaclarının ödənilməsi istiqamətində görülən işlərdən və qazanılan təcrübənin gələcəkdə məskunlaşma prosesində istifadə olunacağından bəhs edilib.

Rumıniya parlamentinin üzvü Ana Birçall, Maltanın sabiq baş naziri Cozef Muskat, Bolqarıstanın sabiq dövlət başçısı Rosen Plevneliyev, Serbiyanın keçmiş prezidenti Boris Tadiç və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov müasir dünyadakı ən son çağırışlarla əlaqədar bərpaolunan enerji mənbələrinin çox vacib məsələyə çevrilməsindən danışıblar. Azərbaycanın Avropa üçün bərpaolunan enerji resurslarının ən böyük tədarükçüsünə çevrildiyi qeyd edilib, ölkəmizin “təmiz enerji”nin Avropa ölkələrinə nəqlinə mühüm töhfə verməyə hazır olduğu diqqətə çatdırılıb.

Panel iclası müzakirələrlə davam edib.

 

Şuşa şəhərində bərpa və yenidənqurma işləri ilə tanışlıq

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Yenidənqurma, sülh və inteqrasiya: enerji, iqtisadiyyat, ətraf mühit və kapital” adlı beynəlxalq tədbirin iştirakçıları iyunun 7-də Şuşa şəhərində bərpa və yenidənqurma işləri ilə tanış olublar.

Qonaqlar əvvəlcə Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzinin ekspozisiya salonunda “Heydər Əliyev və Qarabağ” adlı fotosərgiyə baxıblar.

Sərgidə Heydər Əliyevin sovet dövründə Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur.

Sonra Yuxarı Gövhər ağa məscidi, Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksi və Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı ziyarət edilib.

 

Dünya Nizami Gəncəvinin müdriklik xəzinəsindən çox şey öyrənir

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən “Yenidənqurma, sülh və inteqrasiya: enerji, iqtisadiyyat, ətraf mühit və kapital” adlı beynəlxalq tədbir öz işini iyunun 8-də Gəncə şəhərində davam etdirib.

Qonaqlar əvvəlcə Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Sonra Gəncə Dövlət Filarmoniyasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsində yer alan dəyərlərin tədqiqi və təblig­̆i əsasında əsərlər nümayiş olunub.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov zəngin tarixi keçmişi olan şəhər barədə məlumat verib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin dahi şairin həyat və yaradıcılığına dair maraqlı faktlardan bəhs edib. Bildirilib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.

Daha sonra çıxış edən ICESCO-nun sabiq baş direktoru Əbdüləziz əl-Tüveycri və Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır görkəmli şairin həyat və yaradıcılığına dair maraqlı faktlardan danışıblar. Qeyd edilib ki, Nizami Gəncəvi böyük bir xəzinə olub, dünya hələ də bu müdrik şairdən çox şey öyrənir.

Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev Mərkəzin layihəsi olan “Qələmin sehri – Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmalar” kitabının xüsusi nəşrini Gəncə şəhərinin icra başçısı Niyazi Bayramova təqdim edib.