Növbəti regional xor müsabiqəsi keçirilib

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Günəşə qovuşmaq istəyirəm mən...” adlı ikinci regional xor müsabiqəsi keçirilib.

Adını Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın “Elegiya” şeirinin misrasından götürən müsabiqənin birinci mərhələsi iyunun 3-də Füzuli rayon Aybasanlı kənd Uşaq musiqi məktəbində təşkil edilib.

Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı müsabiqə iştirakçılarını təbrik edib, kollektivlərə uğur arzulayıb. Müsabiqənin birinci mərhələsində 7 uşaq musiqi, incəsənət məktəbinin xor kollektivləri münsiflər qarşısında çıxış edib.

Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri Xalq artisti Gülbacı İmanova, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Əməkdar incəsənət xadimi Dilarə Əliyeva və Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar müəllim Aqil Qafulovun yer aldığı münsiflər heyəti kollektivlərin çıxışlarını qiymətləndirib.

İyunun 7-də Beyləqan rayon Mədəniyyət Mərkəzində müsabiqənin birinci mərhələsinə yekun vurulub. Münsiflər heyətinin qərarına əsasən, Kürdəmir rayon Uşaq incəsənət məktəbinin xor kollektivi I, Füzuli rayon İnşaatçılar qəsəbə Uşaq musiqi məktəbinin xor kollektivi II, Füzuli rayon Böyük Bəhmənli kənd Uşaq musiqi məktəbinin xor kollektivi isə III yerə layiq görülüb.

Müsabiqədə fərqlənən Beyləqan rayon Niyazi adına Uşaq musiqi məktəbi, xormeyster və konsertmeysterlər fəxri fərmanla mükafatlandırılıb. Qaliblərin yekun konserti və mükafatlandırılması iyunun 13-də Füzuli rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Nurəddin