Türkmənistan Elmlər Akademiyası Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru Rəhmanverdi Qodarov və elmi işçi Məqsəd Mərədov Hüseyn Cavidin Ev-Muzeyinin qonağı olublar.

Muzeydən bildirilib ki, qonaqlara Türk dünyası ədəbiyyatının bənzərsiz simalarından olan dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyatı, yaradıcılığı, əsərlərinin bədii-fəlsəfi əhəmiyyəti və xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər haqqında məlumat verilib.

II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bakıda olan türkmən tədqiqatçılara, həmçinin muzeyin tarixi, fəaliyyət istiqamətləri burada həyata keçirilən elmi tədqiqat işləri, son illərdəki nəşrləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qonaqlara muzeyin Hüseyn Cavid irsi ilə bağlı nəşr etdiyi kitablar hədiyyə edilib.