Ölkəmiz Daşkənddə beynəlxalq sərgidə təmsil olunub
   
   Oktyabrın 31-dən noyabrın 2-dək Özbəkistanın paytaxtı Daşkənddə 18-ci “Böyük İpək yolu ilə turizm” mövzusunda beynəlxalq sərgi keçirilib.
   
   Builki sərgidə dünyanın 40 ölkəsindən 700-dən artıq turizm firma və şirkəti, bu sahənin mütəxəssisləri, ekspertlər iştirak edib. Tədbirdə ölkəmizi «Millennium Tourism & Congress DMC» şirkətinin direktoru Ruslan Quliyev təmsil edib. Onun sözlərinə görə, şirkət Mərkəzi Asiyanın ən iri sərgi-yarmarkasında Azərbaycanın turizm potensialını nümayiş etdirməklə bərabər, bir sıra yeni əməkdaşlıq əlaqələri də qurub: «Sərgidə iştirak edən bir sıra turizm şirkətlərinin nümayəndələri ilə əlaqələrin genişləndirilməsinə dair danışıqlar apardıq. Azərbaycan artıq dünyanın ən böyük turizm şirkətlərini maraqlandırır və əminəm ki, bu istiqamətdə apardığımız danışıqlar öz bəhrəsini verəcək».
   Sərgi çərçivəsində Özbəkistan Ekologiya Hərəkatı və Daşkənd Dövlət İqtisad Universiteti bu təhsil ocağında ekoloji turizmin inkişafı ilə əlaqədar elmi konfrans keçirib. Azərbaycan, Almaniya, Fransa, İndoneziya, Tailand, Ukrayna və digər ölkələrin 100-dən artıq turizm firma və şirkətinin nümayəndələri, bu sahənin mütəxəssis və ekspertlərinin iştirak etdiyi tədbirdə «Ekoturizmin inkişafı və beynəlxalq təcrübə», «Ekoturizmlə bağlı maarifləndirmə: beynəlxalq əməkdaşlığın imkanları» və digər mövzularda məruzələr dinlənilib, bu sahənin daha da inkişafı ilə əlaqədar təcrübə mübadiləsi aparılıb.
   R.Quliyev Azərbaycanda ekoturizmin inkişafı haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, ekoturizm ölkəmizdə perspektivli sahələrdən biridir və bu sahənin inkişaf etdirilməsinə dövlət səviyyəsində dəstək verilir.
   Qeyd edək ki, Özbəkistan Cənubi Koreyanın Kyoncu şəhərində (Şimali Könsanq əyaləti) 2011-ci il oktyabrın 8-14-də keçirilən Dünya Turizm Təşkilatının Baş Assambleyasının 19-cu sessiyası zamanı təşkilatın Avropa regional qrupunun 2011-2015-ci illər üçün icraedici orqanının üzvü seçilib. Bu zaman Özbəkistanın Böyük İpək yolu beynəlxalq turizm marşrutunda oynadığı əhəmiyyətli rol nəzərə alınıb. Bu ölkənin Böyük İpək yolu marşrutunun keçdiyi ərazisində 4 mindən artıq tarixi memarlıq abidəsi yerləşir. Özbəkistanın tanınmış turizm mərkəzləri olan Səmərqənd, Buxara, Xivə, Şəhrizabs UNESCO-nun mədəni irs siyahısına daxil edilib.
   
   Fəxriyyə