5-11 iyun tarixlərində Bakıda keçirilən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı maraqlı tədbir və təqdimatlarla davam edir.

Festival çərçivəsində iyunun 9-da (Qırğızıstan günü) AMEA və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə Türk dünyasının görkəmli ədibi, Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun (1928-2008) 95 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə çıxış edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli, gənc tədqiqatçı Nəzrin Əliyeva, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qırğızıstan nümayəndəsi Nazgül Omurzakova və Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov Çingiz Aytmatovun həyat və yaradıcılığı haqqında məlumat verdilər.

Bildirildi ki, 1958-ci ilin avqust ayında “Yeni dünya” (“Novıy mir”) jurnalında Çingiz Aytmatovun “Cəmilə” povesti dərc edilib. Sonralar müəllifin “Qırmızı yaylıqlı qovağım mənim”, “Köşək gözü” əsərləri işıq üzü görüb. 1963-cü ildə yazdığı “Ana tarla” povestində şərtilik və həyati reallıq üzvi şəkildə birləşib. "Əlvida, Gülsarı!", "Ağ gəmi", "Erkən gələn durnalar", "Dəniz kənarıyla qaçan Alabaş" povestləri professional nəsr nümunələri kimi diqqəti cəlb edib. Çingiz Aytmatovun "Gün var əsrə bərabər" (1980) romanı ilə yaradıcılığında povestdən romana keçidin əsası qoyulub. Yazıçının 1986-cı ildə yazdığı "Cəllad kötüyü" romanı nəsr təfəkkürünün yeni nümunəsi kimi uğur qazanıb. "Gün var əsrə bərabər" romanına əlavə olaraq yazılmış "Çingiz xanın ağ buludu" povesti ədibin 90-cı illər yaradıcılığında xüsusi yer tutur.

Çıxışlardan sonra Bakı Bələdiyyə Teatrı tərəfindən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Çingiz Aytmatovun “Ana tarla” povestinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşadan bir hissə nümayiş etdirildi. Ədibin 95 illiyi münasibətilə ərsəyə gələn tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Nurəddin Məmmədli