İyunun 12-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “İnsan hüquqları aylığı” (#İnsanHüquqlarıAylığı) ilə bağlı ombudsmanla birgə əməkdaşlıq çərçivəsində Dünya Uşaq Əməyinə qarşı Mübarizə Gününə (12 iyun) həsr olunmuş tədbir keçirilib.

Bakı şəhərinin Binəqədi və Yasamal rayon məktəblərinin müəllim və şagird heyətinin iştirakı ilə keçirilən tədbirdə  Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini bildirib ki, insan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas amillərindən biridir. Prezident Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə Azərbaycan Respublikasında "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilib.

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı Dünya Uşaq Əməyinə qarşı Mübarizə Gününə haqqında danışıb. Bildirib ki, Beynəlxalq Əmək Təşkilatının təşəbbüsü ilə ilk dəfə 2002-ci ildən qeyd edilən bu günün məqsədi uşaqların məcburi əməyə cəlb olunması və onların əməyinin istismarının qarşısının alınmasıdır.

143 və 60 saylı tam orta məktəblərin müəllimləri mövzu ilə bağlı çıxış ediblər. Uşaqların fəal iştirakı ilə müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

***

Aylıq çərçivəsində iyunun 13-də Respublika Uşaq Kitabxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən “Uşaq Səfirlər Məclisi” üzvlərinin iştirakı ilə “Bu da mən...” adlı tədbir keçirilib.

“Uşaq Səfirlər Məclisi”nin üzvləri Məryəm Hacıyeva, Rüfət Əzizzadə, Nəzrin Bayramlı çıxış edərək 2020-ci ildə ölkəmizdə elan edilmiş “Könüllülər İli”ndə uşaqların da bu prosesə töhfə verməsinin təmin olunmasından danışıblar. Bildirilib ki, “Uşaq Səfirlər Məclisi” uşaqlarda müstəqil özünüifadə bacarığı və idarəetmə mədəniyyətinin formalaşması məqsədilə yaradılıb.

***

Aylıq çərçivəsində Bülbülün Memorial Muzeyində də maarifləndirici mühazirə keçirilib. Ölkəmizdə insan hüquqlarının qorunması sahəsində görülən işlərdən bəhs olunub. Eyni zamanda muzeyin sosial şəbəkə səhifələrində #İnsanHüquqlarıAylığı həştəqi ilə məlumat paylaşılıb.