Xalqımızın əsrlər boyu yaşatdığı əl sənətləri arasında sandıqçılıq da var. Keçmişdə gəlinə verilən cehizlik əşya və avadanlıqların içərisində sandıq mütləq yer alarmış. Qızlar gəlin köçərkən bir çox cehizliklərini sandıqlarda aparıblar. Bu adət uzun illər keçməsinə baxmayaraq, bəzi bölgələrdə indi də davam etdirilir. Ancaq ölkəmizdə sandıqçılıqla məşğul olanların sayı azalıb.

“Mədəniyyətə könül verənlər” rubrikasında ömrünü sənətə həsr edən, özünü bu sahədə tapanları oxucularımıza tanıtmağa davam edirik. Rubrikanın növbəti qonağı sandıq düzəltmə sənəti ilə məşğul olan Seyfəddin Əzizovdur.

Seyfəddin Əzizov bu sənətlə məşğul olan azsaylı insanlardandır. O, 1988-ci il fevralın 11-də Masallı rayonunun Ərkivan qəsəbəsində sənətkar ailəsində anadan olub. Buradakı 3 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəbli yaşlarından sandıqçılıq sənətinə maraq göstərib: “Bizdə sandıqçılıq ata-babadan yadigar qalan sənətdir. Mən gözümü açandan atam bu sənətlə məşğul olub. Onun ustalığı məndə sandıqçılıq sənətinə həvəs yaratdı. Atam mənə bu sənətin bütün incəliklərini öyrədib. 16 yaşımdan mən də sandıqlar düzəltməyə başladım. Artıq 20 ilə yaxındır sərbəst işləyirəm”.

Müsahibim bildirir ki, düzəldilən hər bir sandıq zəhmət, səbir və diqqət tələb edir: “Sandıq hazırlayarkən hər bir xırdalığa fikir verməlisən. Əks halda sandığın ölçüləri düz gəlməz və zəhmətin boşa gedər. Bu sənət bir növ rəssamlıqla dülgərliyin sintezidir. Cehizlik sandıqların hazırlanması üçün iki gün vaxt sərf olunur. Kiçikölçülü sandıqları isə gün yarıma hazırlamaq olur. Ancaq həmin sandıqların üzərinə müxtəlif təsvirlər, əsasən bayrağımız, gerbimiz, ölkəmizin xəritəsi və s. çəkilərsə, əlavə bir gün də lazım olur”.

Usta qeyd edir ki, sandığın düzəldilməsində istifadə olunan taxta nə qədər quru olsa, sandığın ömrü də bir o qədər uzun olar: “Sandığın hazırlanması üçün inşaat bazarından şam ağacından olan taxta alırıq. Onun tam qurumasından əmin olduqdan sonra işə başlayırıq. Taxtanın üstünə vurulacaq dəmir parçalar kəsilir. Bundan sonra divar kağızları çəkilir. Dəmirin üzərinə milli ornamentlərin əks olunduğu bəzəklərin çəkilməsi ilə işlər tam yekunlaşır. Beləliklə, bir sandığın hazırlanması üçün taxta, mismar, cəftə, dəmir, bir neçə rəngdə boya, divar kağızları və s. materiallar lazım olur”.

Seyfəddin Əzizov vurğulayır ki, cehizlik sandıqlara tələbat azaldığı üçün daha çox suvenir sandıqlar düzəltməyə üstünlük verir: “Masallı rayonu turizm bölgəsi olduğu üçün yerli və xarici qonaqlar buraya tez-tez gəlirlər. Turistlər xüsusən suvenir sandıqlara maraq göstərirlər. Mən Masallıda və Bakıda bir çox sərgi və tədbirlərdə iştirak etmişəm. Bundan başqa, sosial şəbəkədə öz işlərimi nümayiş etdirirəm. Bu vasitələrlə əl işlərimlə tanış olanlar əlaqə yaradıb sifariş verirlər”.

Usta sandıqların qiymətinin ölçüyə görə dəyişdiyini deyir: “Toy-nişan üçün hazırlanan sandıqların qiyməti 40-80 manat arasında dəyişir. Suvenir sandıqların qiyməti isə bəzəyindən asılıdır. Sadə bəzəkli sandıqların qiyməti 20 manatdır. Üzərində milli atributlarımızın əksi olan sandıqların qiyməti isə bir qədər bahadır. Çünki həmin sandıqlar həm çox zaman alır, həm də mürəkkəb detalların təsvirinə görə əziyyət tələb edir. Onların qiyməti 20 manatdan 40 manatadək dəyişir”.

Həmsöhbətim ata-babasından miras qalan bu sənətin gələcəkdə də yaşadılmasını istəyir. Buna görə də 11 yaşlı oğlu Zamana da sənətinin sirlərini öyrədir.

Nurəddin