Noyabrın 7-də Bakıda BMT-nin Dünya Turizm Təşkilatının (DTT) «2011-2012-ci illər üçün turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı» çərçivəsində ikinci regional seminar işə başladı.
Tədbiri mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov açaraq regional seminarda Azərbaycan, Gürcüstan, Moldova, Qazaxıstan, Rusiya, Ukrayna, Belarus və Özbəkistanın rəsmi turizm və statistika üzrə qurumlarının nümayəndələrinin, DTT-nin ekspertlərinin iştirak etməsini yüksək qiymətləndirdi. Nazir müavini tədbirin DTT ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında 2011-ci il martın 23-də İspaniyanın Madrid şəhərində imzalanmış anlaşma memorandumuna əsasən təşkil edildiyini nəzərə çatdırdı. O, Azərbaycanın turizm sənayesinə göstərdikləri dəstəyə görə DTT-nin baş katibi Taleb Rifaiyə və təşkilatın ekspertlərinə minnətdarlığını bildirdi.
Nazir müavini bildirdi ki, statistik materialların toplanması digər sahələrdə olduğu kimi, turizm sahəsi üçün də çox vacibdir: “Planlaşdırma, konsepsiyaların və inkişaf proqramlarının hazırlanması və tətbiqi, turizm sahəsində əldə olunmuş nailiyyətlərin ölçülməsi, sahələr üzrə maliyyələşdirmə strategiyasının qurulması və digər işlərin səmərəli təşkili tam şəkildə statistik məlumatların toplanması, təhlili və istifadəsindən asılıdır. “Turizm sahəsi üçün statistika həm də ona görə önəmlidir ki, biz fəaliyyətimizi planlaşdırarkən digər sahələrin statistik göstəricilərini nəzərə almalıyıq. Məsələn, infrastrukturun inkişafı, yol inşaatı və təmiri, nəqliyyat və sair iqtisadi göstəricilər bilavasitə turizmin inkişaf planlarına təsir göstərir”.
Nazim Səmədovun sözlərinə görə, statistika elminin inkişafı da ən qabaqcıl beynəlxalq təcrübəyə arxalanmalıdır: “Bu səbəbdən DTT-dəkı həmkarlarımızdan xahiş etdik ki, bu qabaqcıl təcrübəni bizimlə bölüşmək üçün belə bir seminarın təşkilində köməklik etsinlər. Bu artıq ikinci seminardır və respublikamızda statistika üzrə beynəlxalq təcrübəli mütəxəssislərin sayının artması, zənnimcə, bu sahədə yeni ideyaların və yanaşmaların yaranmasına səbəb olacaq».
Nazir müavini regional seminara marağın artdığını qeyd etdi. Keçən il keçirilən seminarda 19 iştirakçı vardısa, bu il iştirakçıların sayı 22-yə çatıb. Bu il Belarus nümayəndələri də seminara qatılıb: “Biz bu proqramla əməkdaşlığı davam etdirmək niyyətindəyik. Düşünürük ki, layihəyə yeni ölkələr cəlb olunmalıdır. Bildiyiniz kimi, Azərbaycan və DTT bir neçə layihə çərçivəsində əməkdaşlıq edir. Bu sırada «İpək yolu» beynəlxalq turizm marşrutu, «Turizm haqqında» yeni qanun layihəsinin hazırlanması və digər layihələri qeyd edə bilərik. DTT-nin baş katibi Taleb Rifainin bu ilin sentyabrında Azərbaycana səfəri zamanı yeni əməkdaşlıq istiqamətləri və mövzuları müzakirə olunub. Turizm sahəsində postsovet məkanının dövlətləri ilə əlaqələrin bərpası və genişləndirilməsi bizim üçün prioritet istiqamətdir. Çünki digər ölkələrdən fərqli olaraq, bizim aramızda viza və dil problemi yoxdur. Eyni zamanda mədəni, mənəvi, humanitar və sair əlaqələr davamlı inkişaf edir».
Nazim Səmədov hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra islahatların aparıldığını, inkişaf konsepsiyalarının yaradıldığını və 10 illik strateji inkişaf planının hazırlandığını qeyd edərək bildirdi ki, bu təşəbbüslər tamamilə aydın və şəffaf statistik məlumatlara arxalanmalıdır: «Bundan əlavə, strateji plan statistik məlumatların toplanılması və təhlili sisteminin təkmilləşdirilməsini nəzərdə tutur. Belə olan halda yeniləşmiş sistemin idarə edilməsi və istifadəsini təmin etmək bacarığında olan mütəxəssislərin olması çox önəmlidir. Bu bacarıq yeni təhlil metodlarının istifadəsi, kompyuter proqram təminatının hazırlanması, məlumatların uzlaşdırılması və digər peşəkar amilləri əhatə etməlidir. Fikrimizcə, seminar bu sualların cavabını özündə əks etdirəcək».
DTT-nin Avropa üzrə regional direktorunun müavini Kristofer İmbsen Azərbaycan hökumətinin turizm sənayesi ilə bağlı fəaliyyətini yüksək qiymətləndirdi. Onun sözlərinə görə, ölkəmiz zəngin mədəni irsi, təbii gözəllikləri, əhalisinin qonaqpərvərliyi ilə regionda önəmli turizm mərkəzinə çevrilib.
Kristofer İmbsen bildirdi ki, DTT əməkdaşlıq vasitəsilə statistik məlumatların toplanması istiqamətində konseptual bir çərçivə yaradılmasına çalışır: «Təşkilatımız turizm statistikasının tamamlanması üzrə xüsusi təlimat üzərində işləyir. Beynəlxalq tövsiyələr turizmin monitorinqini keçirmək, onun iqtisadi nəticələrini başa düşmək və turizmi beynəlxalq və milli gündəliyə inteqrasiya etməyə yardım göstərir. Bu tövsiyələr əsasında birinci dəfə olaraq turizmlə bağlı beynəlxalq norma müəyyənləşəcək ki, bunun da əsasında iqtisadçılar və ekspertlər işləyə biləcəklər. Nəticədə ümumi makroiqtisadi təhlil və siyasət çərçivəsində turizmi başqa sahələrlə də müqayisə etmək mümkün olacaq».
Sonra turizm statistikası üzrə DTT ekspertlərinin çıxışları dinlənildi və müzakirələr aparıldı. Qeyd edək ki, Azərbaycan tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və Dövlət Miqrasiya Xidməti ilə təmsil olunur.
Seminar noyabrın 9-da yekunlaşacaq.
Fəxriyyə