Türkiyənin və Aralıq dənizi regionunun ən böyük turizm mərkəzi sayılan Antalya bölgəsi 2023-cü ilin beş ayında turist qəbulu sayında rekord nəticə əldə edib. Antalya Valiliyi Mədəniyyət və Turizm Müdirliyinin məlumatına görə, 1 yanvar – 10 iyun aralarında bölgəyə hava yolu ilə gələn turist sayı 4 milyon 63 min nəfər olub. Bu göstərici Türkiyədə “turizm rekordları” ilə yadda qalmış 2019-cu ilin eyni dövründə Antalyaya gələn turist sayını (4 milyon 27 min) geridə qoyub.

Bu il Türkiyənin turizmdə ümumilikdə pandemiyadan öncəki rekord göstəriciləri  üstələyəcəyi gözlənilir. Hərçənd fevral ayında baş verən zəlzələdən sonra mart-may aylarındakı turist sayında ötən illə müqayisədə müəyyən azalma olub. Yay aylarında bunun aradan qaldırılacağı təxmin edilir.

Xatırladaq ki, 2019-cu ildə Türkiyəyə rekord sayda – 45 milyon nəfər əcnəbi gəlmişdi. 2020-ci ildə pandemiya səbəbindən xarici turist sayı cəmi 16 milyona düşmüş, 2021-ci ildə isə 30 milyon olmuşdu. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə,  2022-ci ildə ölkə 44,5 milyon turist qəbul edib. Ötən il Türkiyəyə gələn hər üç turistdən biri Antalyanın payına düşüb.

Bu arada dünyada qlobal hava nəqliyyatı ilə səyahət də pandemiyadan əvvəlki səviyyəni, demək olar ki, bərpa edib. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına əsasən, 2023-cü ilin aprel ayında təyyarə ilə səyahət pandemiyadan əvvəlki səviyyənin 95,5 faizinə çatıb.

V.Kamal