Görkəmli kinorejissor, ssenarist, Xalq artisti Oqtay Mirqasımov “İstiqlal” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev iyunun 12-də bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Oqtay Mirəsədulla oğlu Mirqasımov Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə yüksək dövlət təltifinə layiq görülüb.

Prezident İlham Əliyev iyunun 12-də 80 yaşı tamam olan Oqtay Mirqasımova “İstiqlal” ordenini təqdim edib. Dövlət başçısı sənətkarı yubileyi münasibətilə təbrik edib, cansağlığı, yeni uğurlar arzulayıb.

“Siz uzun illərdir kino sənətinin inkişafında çox fəal işləyirsiniz. Son illər ərzində Azərbaycanda gördüyünüz işlər hamımızı çox sevindirir. Siz həm görkəmli rejissor kimi, həm pedaqoq kimi böyük şöhrət qazanmısınız. Azərbaycan kinosunun inkişafında sizin çox böyük rolunuz vardır”, – deyə İlham Əliyev bildirib.

Oqtay Mirqasımovun ictimai həyatda da fəal olduğunu, həmişə öz vətəndaşlıq mövqeyini bəyan etdiyini, cəmiyyəti narahat edən məsələlərlə bağlı dəyərli fikirlərini bölüşdüyünü qeyd edən dövlət başçısı deyib: “Sizin fəaliyyətiniz Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Siz 2003-cü ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf” ordeni ilə təltif olunmusunuz. Bu gün – yubileyiniz olan gündə siz Azərbaycan dövlətinin yüksək ordeni olan “İstiqlal” ordeni ilə təltif edilirsiniz”.

Oqtay Mirqasımov Prezident İlham Əliyevə minnətdarlığını bildirərək onun Ulu öndər Heydər Əliyevin yolunu davam etdirən sərkərdə və siyasətçi kimi yüksək keyfiyyətlərini vurğulayıb. Bildirib ki, bu, hər kəs kimi, ona da ruh verir.