Bu günlərdə yolunu paytaxtımızın gözəl guşələrindən olan Sabir bağından salanlar xoş sürprizlə qarşılaşırlar. Ərazidə kiçik – 3-4 stenddən ibarət spesifik kitab sərgisi təşkil olunub. Sərginin özəlliyi ondadır ki, burada əsasən dünya ədəbiyyatı nümunələri təqdim edilir.

Azərbaycan Dövlət Tərcümə Mərkəzi (ADTM) Tərcümə Agentliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 13-15 iyun tarixlərində keçirilən sərgiyə böyük maraq var. Kitab alan oxucular sevgiylə müəllifdən imza da istəyirdilər. Sərgini ziyarət edənlərə Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı dərgisi hədiyyə olunurdu.

Bu arada yazıçı-jurnalist, tərcüməçi İlqar Əlfioğlu ilə rastlaşıram. O, sərgidə tərcümə kitablarını təqdim edir. Vaxtı az olsa da, qısa söhbətləşməyə imkan tapırıq. Sərginin təşkilindən və oxucu marağından razılığını bildirir. Elə bu məqamda bir oxucu aldığı kitabı imzalatmaq üçün müəllifə yaxınlaşır...

Mərkəzin əməkdaşı Fəridə Xəlilova sərgi haqqında ətraflı məlumat verir. Bildirir ki, ədəbiyyata, mütaliəyə rəğbət aşılanması məqsədini daşıyan sərgidə tanınmış dünya ədibləri, eləcə də müasir Azərbaycan yazıçı və şairlərinin kitabları, uşaq nağılları və ensiklopediyalar, lüğət və sözlüklər, eləcə də digər fərqli formatlı nəşrlər təqdim olunur. Nəşrlərə endirimlər də edilir. Gün ərzində saat 10:00-dan 19:00-dək açıq olan sərgidə axşam saatlarında tanınmış yazıçı və şairlərlə görüşlər və imza saatları da təşkil edilir. İyunun 13-də yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı və şair Mahir Qarayevlə görüş keçirilib. İyunun 14-də şairlər Etimad Başkeçid, Saday Budaqlı və Rəbiqə Nazimqızı ilə görüş təşkil olunub. İyunun 15-də isə şairlər Salam Sarvan, Şəfiqə Şəfa və tərcüməçi İlqar Əlfioğlu ilə görüş nəzərdə tutulub.

Əgər siz də dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümə edilmiş nümunələri ilə tanış olmaq istəsəniz, mütləq bu sərgiyə baş çəkin.  

Lalə Azəri