Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi iyunun 14-də Beynəlxalq Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramını təqdim etdi.

Konsertin aparıcısı musiqişünas Leyla Həsənova “Ulu öndər Heydər Əliyev və 15 İyun - Milli Qurtuluş Günü” mövzusunda çıxış etdi.

Diqqətə çatdırıldı ki, Ümummilli liderin anadan olmasının 100 illik yubileyi münasibətilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən ilin əvvəlindən silsilə konsertlər, müsabiqələr, müxtəlif tədbirlər həyata keçirilir.

Daha sonra səhnə məktəbin kollektivinin ixtiyarına verildi. Konsertdə təhsil ocağının şagirdləri, respublika və beynəlxalq müsabiqələr laureatları rəngarəng musiqi nömrələri təqdim etdilər.

İfaçıları Əməkdar artist, dirijor Vaxtanq İmanovun rəhbərliyi ilə Mərkəzi İncəsənət Məktəbinin müəllim və məzunlarından ibarət “İpək yolu” kamera orkestri müşayət edirdi.

Konserti uşaq musiqi və incəsənət məktəblərinin direktorları, incəsənət xadimləri və digər qonaqlar izləyirdilər.

Lalə