Ulan-Batorda “Transaltay sabitlik dialoqu: gender bərabərliyi və davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq forumda iştirak edən Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik Şahin Mustafayev Monqolustan parlamentinin sədri Zandanşatar Qombojav ilə görüşüb.
Zandanşatar Qombojav 2014-cü ildən Monqolustan Elmlər Akademiyası və BTA-nın birgə elmi layihələri uğurla həyata keçirdiklərini bildirib. O, beynəlxalq forumda Altay xalqlarının dilləri, mədəniyyətləri, tarixi, adət-ənənələri haqqında təqdim olunan məruzələrə diqqət yetirərək bu istiqamətlərdə aparılan tədqiqatlara dəstək verəcəklərini söyləyib.
Şahin Mustafayev də BTA ilə Monqolustan Elmlər Akademiyası arasındakı əməkdaşlıqdan söz açaraq Nomqon vadisində aparılmış birgə arxeoloji qazıntılar nəticəsində Kutluk İlteriş Kağan abidə kompleksinin üzə çıxarılmasının əhəmiyyətini qeyd edib. O, eyni köklərə söykənən Altay xalqlarının dilçilik, mədəniyyət və elm sahələrində əməkdaşlığının əhəmiyyətini vurğulayaraq BTA-nın Monqolustanla işbirliyini dərinləşdirmək niyyətində olduğunu qeyd edib.
Söhbət zamanı Monqolustanın Beynəlxalq Türk Akademiyasına üzvlük şərtləri ilə bağlı da fikir mübadiləsi aparılıb.