AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan və türk mədəniyyətinin inkişafında Şuşa ədəbi mühitinin rolu (ədəbi məclislər kontekstində)” mövzusunda seminar keçirilib.

AMEA-dan verilən məlumata görə, seminarda Şəki Regional Elmi Mərkəzinin Folklorşünaslıq və el sənətləri şöbəsinin rəhbəri İradə Yusifova “Şuşa ədəbi məclisləri: funksiyalar və qarşılıqlı əlaqələr” mövzusunda məruzə ilə çıxış edib. O, dövrün ədəbi mühiti, ədəbi və musiqi məclisləri, xanəndələr məclisləri, həmçinin yeni tipli üsuli-cədid məktəbləri, dərsliklərin tərtibi haqqında məlumat verib.

Sonra şöbənin aparıcı elmi işçisi Kamil Adışirinovun “Mir Möhsün Nəvvabın ədəbi və elmi fəaliyyəti”, elmi işçi Təranə Abdullayevanın “Abdulla bəy Asinin həyat və yaradıcılığı”, kiçik elmi işçi Tural Adışirinovun “Natəvan və Kəminənin yaradıcılıq əlaqələri” mövzularında məruzələri dinlənilib.

Mir Möhsün Nəvvabın rəhbərlik etdiyi “Məclisi-fəramuşan” ədəbi məclisi, qəzəl ədəbiyyatı, mərsiyyə ədəbiyyatı haqqında məlumat verilib, onun təzkirəçi, pedaqoq, uzaqgörən, coğrafiyaçı alim olduğu vurğulanıb.

“Məclisi-fəramuşan”ın üzvlərindən olan Abdulla bəy Asinin Şuşada anadan olması, ilk təhsilini mədrəsədə alması, Qasım bəy Zakirin nəvəsi, Nizami və Füzuli ənənələrinin davamçısı olması barədə məlumatlar diqqətə çatdırılıb, ədəbi irsi, lirikası, şeirlərinin sadə və aydın dili haqqında bəhs edilib.

XIX əsr Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Fatma xanım Kəminənin görkəmli şairə Xurşidbanu Natəvanla münasibətləri, Kəminənin qəzəl yaradıcılığı, Şuşadakı iki ədəbi məclisdə fəal iştirak etməsi haqqında söhbət açılıb.