Qadın hissləri, onun sevgisi, nifrəti, ehtiras və itaətkarlığı, bir sözlə, fərqli duyğu və ruh halları barədə yaza bilən, belə demək mümkünsə, qadınları ustalıqla tanıyan müəlliflər arasında fransız şair, yazıçı-dramaturq, rəssam, rejissor, teatr nəzəriyyəçisi Jan Kokto xüsusi yer tutur.

Bu mənada onun “İnsan səsi“ pyesi Azərbaycan tamaşaçılarına daha çox tanışdır. Jan Koktonun qarşılıqsız sevginin fərqli bir estetikada ifadəsi olan “Biganə yaraşıqlı” pyesi də sənət aləmində çox məşhurdur. XX əsrin ortalarında xüsusi populyar olan, real qəhrəmanın həyat hekayəsindən bərələnməklə kütləvi tamaşaçı rəğbəti qazanan nümunə bir neçə dəfə kino və səhnədən keçib.

Müsahibələrindən birində  “Əgər insanın ruhunda qüsur varsa, bu onun üzündə düzəldilə bilməz, lakin üzündə qüsur varsa və onu aradan qaldırmaq mümkündürsə, bu, insanın ruhunu sağalda bilər” deyən və bu fikri bütün yaradıcılığına nəzərdə daim ön planda saxlayan müəllifin “Biganə yaraşıqlı”sını bu günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında biz də gördük.

“Biganə məşuq” adı ilə səhnələşdirilən tamaşanı teatrda yeni yaradılmış “ArtStudiya”nın təqdimatı da saymaq olar. Səhnədə debütünü edən gəncləri, fərqli üslub və janrlarda səhnə variasiyalarına təşəbbüskar teatr həvəskarlarını bir araya yığıb onlara meydan vermək məramlı studiyanın ilk təqdimatı baxımlı alındı.

Tamaşanın quruluşu, səhnə və musiqi tərtibatı Aydan Həsənzadəyə aiddir. Kişi və qadının sevgi və biganəliyi üzərində qurulan tamaşada aşiq qadın Lyüsini Aydan Həsənzadə, biganə məşuq kişi Emili Məmmədağa Əlili Canzadə oynayırdı.

Kiçik səhnədə oynanılan tamaşanın səhnə tərtibatı sadə, minimalist və bir o qədər də dəbdəbə aşiqi məşhur qadının zövq və tərzinə xitab edirdi.

Bu əsər müəllifin zamanının məşhur müğənnisi Edit Piafa ithafı da sayıla bilər. Əslində, o, müğənninin yaşadığı ağır həyatı, xəstəlik həddinə çatan sevgisini təsvir etməklə ümumilikdə qadın hissləri, onların sahiblənmə duyğusu və eşqin verdiyi əzabın içində necə bədbəxt olduqlarını ifadəyə çalışıb. Yəni konkret obyekt bir qadın yox, ümumən istənilən ifrat hissin insanı necə uçuruma aparmağına eyhamdır.

Beləliklə, qadın məşhur müğənnidir. Ona vurğun milyonlarla insan olsa da, şöhrət və pulun, dəbdəbə və rahatlığın pikini yaşasa da, ruhən çox tənha, yoxsul, kimsəsizdir. Özündən gənc Emil isə yaraşıqlı və miskindir. Onu yalnız ani hisslər və sözsüz ki, pul maraqlandırır. Lyüsinin hesabına rahat həyat yaşayan, qadın sevgisinin ən dibinə varan və bu isti, bəzən qovurucu ağuşdan bezən, yorulan Emil artıq başqa əyləncə gəzir. Qadın isə buna heç cür yol vermir. Barışmır, hətta məşuqunu öldürmək həddinə belə çatır. Bu qalaqlanmış boş hisslər, əslində, hər ikisini iyrəncləşdirir: qadın alçaldıqca alçalır, kişi ucuzlaşdıqca ucuzlaşır. Lap qara qəpiklik hiss və həyəcanlarla qadından qurtulmağa çalışır. Qadın isə sevgilisinin onu başqa qadınlarla aldada biləcəyi ehtimalı ilə belə barışmır və ondan daha yaşlı (onun fikrincə) və eybəcər qadına getməsin deyə ən şirin vasitəsini işə salır. Bayaqdan kişinin ayaqlarına düşüb yalvaran, etinasızlıq qarşısında diz sökən, özünü öldürəcəyi, ona xəyanət edəcəyi ilə bağlı ruhuna döyə-döyə bəyanlarında boğulan qadın son silahına əl atır – yenidən pullarını havaya sovurur.

Emil isə dizləri üstünə çökərək o pulları ciblərinə təpir. Saxta bir təbəssümlə əzab dolu gedişini pərdələyir və pişiksayağı sığala yatır. Yenidən başqa bir sığal vədi ilə fərqli bir ağuşa qaçanadək....

Tamaşa, adından da göründüyü kimi, biganə kişidən bəhs edir. Amma qəhrəmanlar hər ikisi hisslərinin ifadəsi və tamaşaçı ilə ünsiyyətlərində emosionallığın “ən”lərinə vardılar. Məsələn, aşiq qadın ziyadə alçaldılmış, öz hisslərinin ifadəsinə ifrat qürursuz, zavallı idi. Hərçənd qadın olaraq ona bu qədər laqeyd kişiyə qarşı içindəki böyük sevgi ilə nifrətin ani keçidini də göstərə bilərdi. Aktrisa bu ruhi dəyişkənlikdə soyuq qəzəb və statik göz yaşları ilə kifayətləndi. Sözsüz ki, istər plastikası, istər energetikası, istərsə də tamaşaçı ilə kəsintisiz ünsiyyəti üçün kifayət qədər güc sərf etmişdi. Amma buna paralel də kişini (tamaşanın rejissoru özü olduğundan) hadisənin mərkəzindən çox uzağa atmışdı. Yəqin burada kişi tərəf-müqabilinin də “səyi” az deyildi. Çünki məşuq laqeydlikdən çox maddiyyata düşkünlüyü, bundan da çox daxili səfilliyi, qurtulmaq istəyindən çox bezginliyini göstərirdi.

Öz zahiri görünüşünə və tamaşaçısı ilə mübadilədə bu əlavə vasitələrinin verdiyi üstünlüyünə arxayınlığından (Bertolt Brextin də dediyi kimi “Əgər aktyor tamaşaçını mütəəssir eləmək istəyirsə, o özü mütəəssir olmamalıdır. Ümumiyyətlə, həqiqət həmişə ziyan çəkir: əgər aktyor tamaşaçını personajına acıtmaq və ya ona heyran eləmək istəyirsə”) oyunu sayəsində sevgilisinə biganəlikdən ziyadə hər şeydən bezikmiş aşiq-ifaçı kimi yadda qaldı. Bu yaradıcı mübadilədə daha çox ön planda görünən qadın isə obrazın xarakterini aşan emosionallığı ilə...

Həmidə Nizamiqızı