Qazaxıstanın Almatı şəhərində X Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib. Qazax Dövlət Qızlar Pedaqoji Universitetinin ev sahibliyində 14-16 iyun tarixlərində keçirilən tədbirdə ölkəmizdən də alim və araşdırmaçılar iştirak edib.
Simpoziumun məqsədi dil, ədəbiyyat, tarix, təhsil, mədəniyyət, incəsənət, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, din, fəlsəfə, turizm, gender problemləri kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirə edilməsidir.
Simpozium müddətində “Kökümüz bir – türkük” adlı festival da gerçəkləşib. Festival türk coğrafiyasında tarixi, dili, mədəniyyəti və kökü bir olan türk xalqlarının bir-biri ilə əlaqələrinin və əməkdaşlıqlarının gücləndirilməsinə xidmət edir.
Festivalda ölkəmizi "Turan" muğam qrupu təmsil edib. Elmi tədbir boyunca xanəndə Murad Kəngərli, tarzən İlhamiz İsmayılov və Pərviz Fərhadovun təqdim etdikləri xalq mahnılarımız və muğamlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Musiqiçilərimizin qazax dilində təqdim etdikləri mahnı isə simpozium iştirakçılarında böyük maraq doğurub.
Qeyd edək ki, ilk dəfə 2014-cü ildə Türkiyənin Niğde Universitetinin ev sahibliyi ilə keçirilən Türk Dünyası Araşdırmaları Simpoziumu müxtəlif vaxtlarda türk respublikalarında, o cümlədən Bakıda gerçəkləşib.
Lalə