İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Qədim türk yazı mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və UNESCO üzrə Türkiyə Milli Komissiyası ilə birgə təşkil edilən tədbirə Qazaxıstan, Qırğızıstan, Türkiyə, Almaniya, Monqolustan və Polşadan tanınmış türkoloqlar qatılıb.
Konfrans qədim türk mədəni abidəsi Orxon-Yenisey daş kitabələrindəki yazıların oxunmasının 130 illiyinə həsr olunub.
Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov açılış nitqində bildirib ki, ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə bu xalqların ortaq əlifbasının olmasının müstəsna əhəmiyyəti var.
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev 130 il əvvəl qədim türk runik yazısının kəşfinin bütün bəşər tarixində ən önəmli hadisələrdən biri olduğunu bildirib. Qeyd edib ki, 1893-cü ildə danimarkalı dilçi alim Vilhelm Tomsen tərəfindən qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıların oxunması təkcə türklər üçün deyil, bütün bəşəriyyət üçün mühüm hadisəyə çevrilib.
Qeyd olunub ki, türk yazısı müasir türk xalqlarının qədim mənəvi mədəniyyətinin şahidi və ortaq irsidir. Eyni zamanda türk yazısı dünya sivilizasiyasında mühüm yer tutur. Belə böyük bir mədəniyyət qurmuş xalqlar çağdaş nümayəndələri ilə bu möhtəşəm örnəkdən ilham alaraq öz ortaq gələcəklərini birlikdə qurmaq yolunda əminliklə, inamla addımlaya bilərlər.
“Beynəlxalq Türk Akademiyası qədim türk yazısının tədqiqatına xüsusi diqqət yetirir”, – deyən akademik Şahin Mustafayev keçən il Monqolustanın Nomqon vadisində aparılan qazıntılar nəticəsində aşkar edilən daş yazının Türk dünyasında rezonansa səbəb olduğunu bildirib. Qeyd edib ki, Göytürklər dövrünə aid olduğu təxmin edilən kitabədə “türk” adının hallanması bu kəşfi daha da qiymətli edir. O, qazıntılar nəticəsində yazının qalan hissəsinin də aşkar ediləcəyinə ümidvar olduğunu deyib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tədbirin türk xalqlarının ən dəyərli ortaq sərvəti olan türk dilini daha da inkişaf etdirmək, dünyaya tanıtmaq baxımından önəmini vurğulayıb. Bildirib ki, 130 il öncə qədim türk əlifbasının oxunması türk xalqlarının ortaq keçmişindən xəbər verir və bu, türkdilli xalqları birləşdirən mənəvi körpüdür.
Günay Əfəndiyeva türk yazılı abidələri ilə bağlı sərginin təşkil olunacağını da diqqətə çatdırıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Orxon-Yenisey abidələrinin Türk dünyasının, türk tarixinin ən möhtəşəm abidələrindən biri olduğunu söyləyib. Bildirib ki, Orxon-Yenisey abidələri təkcə morfologiyası, leksikası və sintaksisinə görə deyil, həm də mənasına, məzmununa, ideyasına görə də olduqca dərin məzmuna malikdir.
İsa Həbibbəyli Azərbaycan alimlərinin Orxon-Yenisey abidələrinin geniş tədqiq olunmasında böyük rola malik olduğunu qeyd edərək, ölkəmizin dünya orxonşünaslığına dəyərli töhfələr verdiyini vurğulayıb. O, türk yazı mədəniyyətinin öyrənilməsində mərhum akademik Tofiq Hacıyevin, akademik Nizami Cəfərovun, professor Fərhad Zeynalovun xüsusi xidmətləri olduğunu diqqətə çatdırıb.
Türkiyənin UNESCO üzrə Milli Komissiyasının sədri Öcal Oğuz, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov və başqa çıxış edənlər konfransın türk xalqlarının yazı mədəniyyətinin, onun bəşər sivilizasiyasında yerinin təbliğ edilməsi və gələcək tədqiqat prioritetlərinin müəyyən edilməsi baxımından önəmini qeyd ediblər.
Beynəlxalq konfrans plenar iclaslarla davam edib.