TÜRKSOY-un 30 yaşı qardaş ölkələrdə təntənə ilə qeyd olunur

 

Bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 illiyidir. Təşkilat Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan mədəniyyət nazirlərinin iştirakı ilə 12 iyul 1993-cü ildə Qazaxıstanın Almatı şəhərində yaradılıb. Baş ofisi Ankarada yerləşən TÜRKSOY adıçəkilən qurucu üzvlərlə yanaşı, müxtəlif ölkələrdəki türk toplumlarını da bir araya gətirir.

Qurum türk xalqları arasında milli, mədəni-mənəvi bağları daha da gücləndirmək, ortaq türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq və beynəlxalq aləmdə tanıtmağı qarşısına məqsəd qoyub.

TÜRKSOY-un əlamətdar yubileyi Türk dünyasında müxtəlif silsilə tədbirlərlə qeyd olunur.

Yubiley tədbirləri iyunun 7-də Qazaxıstanda başlanıb. Yubiley münasibətilə Almatı şəhərində kitab və rəsm sərgiləri təşkil edilib.

İyunun 9-da Almatı şəhərində Abay adına Qazaxıstan Dövlət Opera və Balet Teatrında təntənəli qala-konsert keçirilib.

TÜRKSOY-un baş katibi Sultan Raev, Qazaxıstanın mədəniyyət və idman naziri Aşat Oralov, Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov, Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Qırğızıstanın mədəniyyət, informasiya, idman və turizm nazirinin müavini Kayrat İmanəliyev, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Almatı şəhərinin meri Erbolat Dosayev, yerli qurum və təşkilatların nümayəndələri, Qazaxıstanın tanınmış mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Qazaxıstan Dövlət Opera və Balet Teatrının səhnəsində 400-dən çox Türk dünyası sənətçisinin parlaq çıxışı yaddaşlarda unudulmaz iz qoyub.

TÜRKSOY-un 30-cu ildönümünü qeyd etmək üçün birlikdə səhnəyə çıxan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan olan musiqiçilərin və rəqs ansambllarının ifaları sürəkli alqışlarla qarşılanıb.

Bayram şənliyinin Almatı mərhələsinə yekun vuran konsertdə Azərbaycandan Mübariz Əliyev (aşıq), Eleonora Mustafayeva (vokal), Nisbət Sədrayeva (xanəndə), Orxan Zeynalov (tar) və Azərbaycan Dövlət Rəqs Ansamblının heyəti də zəngin proqramla çıxış edib.

***

Yubiley tədbirlərinin növbəti dayanacağı Qırğızıstan olub. 11-13 iyun tarixlərində bu ölkənin Mədəniyyət, İnformasiya, İdman və Gənclər Nazirliyi ilə birgə təşkil edilən “TÜRKSOY mədəniyyət günləri” Qırğızıstan Milli Filarmoniyasında “Biz birlikdəyik” adlı qala-konsertlə yekunlaşıb.

Konsertdən öncə çıxış edən Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər naziri Altınbek Maksutov 30 illik yubiley münasibətilə TÜRKSOY-un rəhbərliyinə və kollektivinə təbriklərini çatdırıb və birgə mədəniyyət proqramlarının xalqları daha da yaxınlaşdırdığını bildirib.

30 illik fəaliyyəti dövründə TÜRKSOY-un türk xalqlarının mədəni yaxınlaşmasına mühüm töhfələr verdiyini ifadə edən A.Maksutov təşkilatın Qırğızıstan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.

Qırğızıstanın dövlət katibi Süyünbek Kasmambetov Prezident Sadır Japarovun TÜRKSOY-un 30 illik yubileyi münasibətilə təbrik məktubunu səsləndirib.

TÜRKSOY-un baş katibi Sultan Raev təşkilatın tarixindən danışıb. “TÜRKSOY-a üzv olan ölkələrin xalqlarının dili, dini, tarixi, qanı və mədəniyyəti birdir. Biz birlikdəyik. Biz türkük”, – deyə baş katib bildirib.

Sonra səhnəyə çıxan sənətçilər qırğız xalqının köçəri həyatını əks etdirən təqdimat ediblər.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan olan vokalçılar, musiqi kollektivləri və rəqs ansamblları öz ölkələrinə xas olan ənənəvi musiqi, opera əsərləri və xalq rəqslərini nümayiş etdiriblər.

Konsertdə ölkəmizi Mübariz Əliyev (aşıq), İlham Nəzərov (vokal), Eleonora Mustafayeva (vokal), Nisbət Sədrayeva (xanəndə), Orxan Zeynalov (tar) və Azərbaycan Dövlət Rəqs Ansamblı təmsil edib.

Sənətsevərlər 360-dan çox Türk dünyası sənətçisinin səhnəyə çıxdığı konserti alqışlarla qarşılayıblar.

***

TÜRKSOY-un yubiley tədbirlərinin üçüncü ünvanı Özbəkistandır. Paytaxt Daşkənddə silsilə tədbirlər 18-20 iyun tarixlərində keçiriləcək. Şəhərin hava limanında TÜRKSOY heyəti, türk respublikalarının rəsmiləri və incəsənət ustaları böyük sevgi ilə qarşılanıb. Qonaqlar paytaxtın gəzməli-görməli məkanları ilə tanış olublar.

TÜRKSOY-un 30 illik yubileyi təşkilatın digər ölkələrində də qeyd olunacaq.