İyunun 13-də Bakı Slavyan Universitetində (BSU) Təhsilin İnkişafı Fondu (TİF), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və BSU arasında “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

Tədbiri giriş sözü ilə açan rektor Anar Nağıyev bugünkü tarixin BSU üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, 2000-ci il iyunun 13-də Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında BSU-nun yaradıldığını yada salıb. Bildirib ki, yeni status və geniş profildə fəaliyyətini davam etdirən ali təhsil ocağı bugün 30-dək ixtisas üzrə qəbul həyata keçirir. Rektor keçən tədris ilində qəbul planına 2 yeni ixtisas (psixologiya və korreksiyaedici təlim) əlavə olunduğunu, bu il isə politologiya, tarix müəllimliyi, tərcümə, filologiya (türk dili və ədəbiyyatı) ixtisaslarına qəbul aparıldığını vurğulayıb. Anar Nağıyev ali təhsil müəssisələrində səriştəəsaslı kadr hazırlığı prosesinin qurulmasının zəruriliyini önə çəkib və bu istiqamətdə atılan addımlara toxunub. Bu kontekstdə BSU-da görülən işlərdən bəhs edərək, TKTA nümayəndələrinin, həmçinin “Yüksəliş” müsabiqəsinin təmsilçilərinin keçirdiyi təlimləri qeyd edib. Rektor universitetin inkişafı istiqamətində həyata keçirilən layihələrdə Elm və Təhsil Nazirliyinin, nazir Emin Əmrullayevin və nazirliyin qurumlarının dəstəyini qeyd edib və təşəkkürünü bildirib. Anar Nağıyev əminliyini ifadə edib ki, üçtərəfli müqavilə universitetin yenidən təşkili və inkişafında öz töhfəsini verəcək. O, bu müqavilənin yaratdığı imkanların bütün BSU ailəsi üçün perspektivlər açdığını qeyd edib.

TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun məqsədlərindən və həyata keçirilən layihələrdən söz açıb. E.Nəsibov sözügedən layihənin ali təhsil müəssisələrinin elmi-pedaqoji heyəti, tələbələri və ümumilikdə təhsil sisteminin inkişafı üçün yaradacaq imkanları vurğulayıb. E. Nəsibov “IELTS imtahanına təşviq” layihəsinin tərəfdaşı olması münasibətilə BSU heyətini təbrik edib.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri səlahiyyətlərini icra edən Yaqub Piriyev müqavilənin əhəmiyyətindən danışıb. O, bakalavr və magistrantlar üçün ali təhsilin növbəti pillələrində dil üzrə imtahanlarda uğur qazanmaq üçün şərait yaradıldığını, imkanlar verildiyini qeyd edib. Yaqub Piriyev son dövrlərdə BSU-nun inkişafının nəzərəçarpan olduğunu deyib. O, qəbul planının ilbəil artmasının müşahidə olunduğunu və bunun universitetin düzgün inkişaf istiqamətində fəaliyyətinin nəticəsi kimi dəyərləndirib.

TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova BSU ilə əməkdaşlıq əlaqələrinə toxunub. İmzalanan müqavilənin ali təhsil müəssisəsinin həm akademik, həm də inzibati heyət üçün, o cümlədən tələbələr üçün faydalı olduğunu qeyd edib, hər kəsin bu müqavilənin açdığı perspektiv imkanlardan bəhrələnəcəyinə əminliyini ifadə edib.

Sonra üçtərəfli müqavilənin imzalanma mərasimi olub.

Qeyd edək ki, sözügedən layihənin məqsədi universitetlərin elmi-pedaqoji heyət üzvlərinin və təhsilalanların ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsidir.

Xatırladaq ki, universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsini hədəfləyən layihənin icrasına 2022-ci ilin oktyabr ayından başlanılıb. Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə icra etdiyi layihənin tərəfdaşları Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir. Layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanır.