Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Teatrın bədii rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, direktor vəzifəsini icra edən Əməkdar mədəniyyət işçisi İlham Əsgərov tamaşanın yaradıcı heyəti ilə görüşüb, uğurlar arzu ediblər.

Xalq artisti, görkəmli teatr rejissoru Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunacaq “Sənsiz”lə böyük sənətkarın unudulmaz xatirəsi anılacaq. 1967-ci ildə Tofiq Kazımovun quruluş verdiyi "Sənsiz" tamaşası dövrünün böyük maraqla qarşılanan səhnə əsərlərindən biri olub. Əsərə, eləcə də müəllifin müraciət etdiyi dövrə fərqli və yeni baxış bucağından nəzər salınacaq.

Yeni tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Balayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Xanım Həsənova və Könül Kərimovadır. Rolları Xalq artisti Mehriban Zəki (Sevinc), əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral) və Ziya Ağa (Fərhad) oynayacaqlar.

Tamaşanın premyerası oktyabr ayına nəzərdə tutulub.