“İnsan hüquqları aylığı” çərçivəsində və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Qazax Dövlət Dram Teatrında Ağalar İdrisoğlunun eyniadlı pyesi əsasında hazırlanan “İnan mənə” tamaşası nümayiş olunub.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Xəzər Gəncəli, rəssamı Səyyat Məmmədov, musiqi tərtibatçısı Vahid Bayramovdur. Əsas rolları Yusif Qoca, Zəmanə Dərviş, Minayə İbrahimova, Aydın Orucov, Sərdar Rüstəm, Elşad Əliyev, Əhməd Musayev və başqaları canlandırıblar.

Tamaşada 1988-1992-ci illərdə respublikamızda ictimai-siyasi mühitin gərgin cağlarının yaratdığı sosial problemlər və bu problemlərdən irəli gələn sosial ziddiyyətlər ön plana çıxarılır. Həmin dönəmin sosial mühitində müxtəlif çətinliklərlə qarşı-qarşıya gələn ziyalıların həyat mücadiləsi diqqətə çatdırılır.

Xaotik bir durumun, özbaşınalıq və hərc-mərcliyin meydan suladığı həmin sistemin “qanunları” Elçin Poladlı kimi prinsipial, dürüst, öz məslək və əqidəsində daima sabit qalan ziyalıları öz cənginə almağa çalışsa da, onlar bu çətinliklərə sinə gərərək Vətənə, xalqa arxa çevirmir, bütün məhrumiyyətlərə dözərək qorxunc ünsürlərə qarşı yorulmadan mübarizə aparırlar. Vətəni çətin gündə qoyub maddi-mənəvi problemlərini çözmək məqsədilə başqa ölkələrə qaçan “ziyalılardan” fərqli olaraq Elçin Poladlı ölkənin, xalqın dar günündə müsəlləh əsgər kimi onun səngərində qalıb mübarizəsini davam etdirir... Nəticədə təmiz və pak mənəviyyatlı insanlar öz arzu və istəklərinə nail olurlar.

Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.