ADA Universitetində jurnalistlər üçün “Media və hibrid hücumlar” mövzusunda seminar başlayıb.

Media və böhran kommunikasiyası üzrə finlandiyalı ekspertlərin keçdikləri təlim Medianın İnkişafı Agentliyi və ADA Universiteti tərəfindən təşkil olunub.

Seminarın açılışında çıxış edən Finlandiyanın Cənubi Qafqaz üzrə səfiri Kirsti Narinen bildirib ki, ikigünlük seminarda hibrid təhlükələrlə mübarizə yollarına dair mövzular müzakirə olunacaq.

Müasir dövrdə doğru informasiya ilə saxta xəbər arasında sərhədlərin silindiyini deyən diplomat jurnalistlər üçün belə təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb və qazanılan biliklərin hibrid təhlükə şəraitində daha səmərəli işləməyə imkan verəcəyini söyləyib.

Hibrid təhlükənin XXI əsr üçün səciyyəvi olan çağırışları əks etdirən anlayış olduğunu deyən səfir əlavə edib ki, belə hücumların əsas məqsədi sosial-iqtisadi proseslərə təsir göstərmək və sabitliyi pozmaqdır.