Azərbaycan Mətbuat Şurasında “TikTok” platformasında fəal olan ölkəmizin media təmsilçilərinin bir qrupu ilə görüş keçirilib.

Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid son illər “TikTok”un ölkəmizdə populyarlaşdığına diqqət çəkib və bildirib ki, mövcud amil ona həm də informasiyanın yayılması arealı kimi yanaşmanı aktuallaşdırmaqdadır. Bu prosesdə isə jurnalistlərin daha aktiv iştirakı günün tələbidir. Bu il mayın ayında “TikTok” platformasının Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov və digər əməkdaşları ilə Mətbuat Şurasında  keçirilən görüşdən danışan R.Məcid deyib ki, “TikTok” maraqlıdır ki, platformada kontent səviyyəli olsun. Buna görə ölkəmizdəki bu sosial media qurumu müxtəlif təşkilatlarla əməkdaşlığa səy göstərir.

MŞ sədri onu da bildirib ki, Azərbaycan jurnalistlərinin “TikTok” müstəvisində səviyyəli kontentin formalaşmasında iştirak imkanları yüksəkdir. O, bu iştirakçılığın xoşagəlməz halların qarşısının alınmasında, informasiya müstəvisində manipulyasiyaların aradan qaldırılmasındakı önəmindən söz açıb.

R.Məcid Mətbuat Şurasının sosial şəbəkələrdəki aktiv media təmsilçiləri ilə təmaslara üstünlük verdiyini də diqqətə çatdırıb. O, ötən il onlarla keçirilmiş görüşdə Şuranın etik prinsiplərə riayət edilməsinin vacibliyinin vurğulandığı müraciətinin yayıldığını vurğulayıb.

Görüşdə iştirak edən “TikTok”da fəal olan jurnalistlər mövcud platformadakı informasiya yayıcılığı ilə bağlı müxtəlif məqamlara toxunublar.