Avropa Milli Kitabxanaları Konfransının (CENL) 37-ci illik iclası 19-20 iyun tarixlərində Parisdə, Fransa Milli Kitabxanasında keçirilib. Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov da iştirak edib.

İclasın ilk günü salamlama nitqlərindən sonra CENL-in 2022-ci ildə Türkiyənin paytaxtı Ankarada keçirilən 36-cı illik iclasının protokolu və illik hesabatı müzakirə edilib. Təşkilatın maliyyə hesabatı və növbəti il üçün büdcəsi də müzakirə edilib, səsverməyə qoyularaq qəbul olunub.

Fransa, Azərbaycan, Portuqaliya, Ukrayna, Moldova, Latviya milli kitabxanaları haqqında təqdimatlar edilib.

Konfransda çıxış edən Kərim Tahirov qeyd edib ki, Azərbaycan Milli Kitabxanasında  istifadəçilərə xidmət prosesində ən yeni texniki həllərin, metod və üsulların tətbiqi istiqamətində son illər ərzində mühüm işlər görülüb. Direktor pandemiya dövrünü əhatə edən fəaliyyətdən bəhs edərək 2020-2021-ci illərdə Milli Kitabxananın “Sənədlərin sifarişi və elektron çatdırılması” onlayn xidməti vasitəsilə istifadəçilərə 246 mindən çox resursun göndərildiyini diqqətə çatdırıb. Pandemiya şəraitində Milli Kitabxanada tammətnli elektron resursların yaradılması işi də qənaətbəxş olub. Milli Kitabxanada robot skanerlər, portativ skanerlər vasitəsilə 88 mindən çox tammətnli elektron resurs yaradılıb.

Kərim Tahirov kitabxanada virtual yolla istifadəçilərin ixtiyarına verilən digər zəngin sənəd-resurs kompleksləri – elektron məlumat bazaları, virtual sərgilər, musiqi kitabxanası, audiokitablar barədə də məlumat verib. Azərbaycan Milli Kitabxanasının fəaliyyəti CENL üzvləri tərəfindən təqdir edilib.

İyunun 20-də iclasda milli kitabxanalar və davamlılıq, fövqəladə halların planlaşdırılması, qoruma və rəqəmsallaşdırma, istifadəçi xidmətləri kimi mövzular müzakirə olunub.

İclasın sonunda Kərim Tahirov Fransa Milli Kitabxanasının fondu üçün apardığı ölkəmizlə bağlı nəşrləri kitabxananın prezidenti Laurence Engelə təqdim edib.