Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə iyunun 17-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi (MİM) tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə "Zəfər bizimdir" adlı məktəblər arası nəzəri fənlər üzrə bilik yarışı keçirilib.
MİM-in nəzəriyyə ixtisası üzrə müəllimləri – musiqişünaslar Pərvin Səfərli və Leyla Əliyevanın təşkilatçılığı və aparıcılığı ilə reallaşan bilik yarışında 10 nömrəli, G.Şaroyev adına 35, S.Rüstəmov adına 13, Niyazi adına 22, K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbləri və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi iştirak edib. Hər məktəb bir komanda və bir münsif heyəti ilə təmsil olunub.
Yarışma 3 mərhələdə – seçim turu, yarımfinal və final mərhələləri üzrə gerçəkləşib. Yarışda maraqlı faktlar, opera və balet librettosundan suallar, musiqili və yazılı suallar səslənib, seçilmiş komanda iştirakçılarının və kapitanların fərdi oyunu kimi raundlar oynanılıb.
Komandaları MİM-in direktoru Əməkdar artist Əziz Qarayusiflinin sədrliyi ilə münsiflər heyəti qiymətləndirib. K.Səfərəliyeva adına 16 nömrəli Uşaq musiqi məktəbinin "Ulduz" komandası yarışmanın qalibi olub.