Mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti tədbirlərdə iştirak edib
Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 illiyi Türk dünyasında silsilə tədbirlərlə qeyd olunur.
Qazaxıstan və Qırğızıstandan sonra yubiley tədbirləri Özbəkistanda davam edib. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti də tədbirlərdə iştirak edib.
TÜRKSOY Mədəniyyət günləri çərçivəsində 18-20 iyun tarixlərində paytaxt Daşkənddə rəngarəng tədbirlər təşkil olunub.
Nazir Adil Kərimli yubiley tədbirləri çərçivəsində Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyində keçirilən “Türk dünyası” adlı sərginin açılışına qatılıb. Özbəkistanın mədəniyyət və turizm naziri Azadbek Nazarbekov çıxış edərək ölkəsinin ümumtürk mədəniyyətinə verdiyi töhfələr, Özbəkistanın TÜRKSOY-un layihələrində iştirakı haqqında danışıb, təşkilatın Türk dünyası üçün əhəmiyyətindən söz açıb.
TÜRKSOY-un baş katibi Sultan Raev təşkilatın 30 illik yubileyi, həyata keçirilən işlər və gələcəkdə ortaq mədəni irsimizin təbliği istiqamətində reallaşdırılacaq layihələrdən bəhs edib.
Sonra qonaqlar Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyinin stendləri, müxtəlif guşələri ilə tanış olublar.
Muzeyin həyətində açıq havada TÜRKSOY-un üzv ölkələrlə birgə həyata keçirdiyi layihələrə dair fotosərgiyə, həmçinin milli mətbəx nümunələrinin yer aldığı stendlərə də baxış keçirilib. Burada Özbəkistan, Azərbaycan, Qırğızıstan, Türkiyə, Qazaxıstan və Türkmənistan mətbəxinə aid yeməklər təqdim olunub.
***
Daşkənddəki Beynəlxalq Forumlar Sarayında TÜRKSOY-un yubileyi münasibətilə təntənəli konsert keçirilib. TÜRKSOY-un baş katibi Sultan Raev, Özbəkistanın mədəniyyət və turizm naziri Azadbek Nazarbekov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Türk Dövlətləri Təşkilatının baş katibi Kubaniçbek Ömüraliyev, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Nurkisa Dauyeşov, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər nazirinin müavini Kayrat İmanaliyev, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan və digər qonaqlar konserti izləyiblər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin TÜRKSOY-un 30 illik yubileyi münasibətilə iştirakçılara ünvanladığı məktub oxunduqdan sonra nazir Azadbek Nazarbekov və TDT-nin baş katibi Kubaniçbek Ömüraliyevin çıxışları dinlənilib.
Sultan Raev TÜRKSOY-un Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqillik əldə etdikdən sonra qurulan ilk beynəlxalq təşkilat olduğunu və uzun müddətdən sonra Türk dünyasını mədəniyyət və incəsənət vasitəsilə bir-birinə bağladığını bildirib.
Sonra səhnə incəsənət ustalarının ixtiyarına verilib. Rəngarəng geyimləri ilə türk coğrafiyasının bənzərsiz gözəlliklərini əks etdirən ümumilikdə 700-dən çox sənətçinin əhatə etdiyi musiqi və rəqs kollektivləri çıxış edib, təşkilatın yubileyinə sənət töhfələrini veriblər.
***
Tədbirlər çərçivəsində baş katib tərəfindən Özbəkistanın bir qrup mədəniyyət və incəsənət xadiminə TÜRKSOY-un 30 illik yubiley və “Şərəf” qızıl medalları təqdim olunub.
TÜRKSOY-un 30 illik yubileyi təşkilatın digər üzv ölkələrində də qeyd ediləcək.