Lənkəran Dövlət Dram Teatrı “Heydər Əliyev İli” və Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illik yubileyi münasibətilə “Uçan səhnə” adlı layihənin icrasına başlayıb.
Layihə çərçivəsində ilk tədbir Lənkəran Şəhər İcra Hakimiyyətinin və “ZZ Art Center”in dəstəyi ilə rayonun dağlıq Bəliton kəndində reallaşıb. Teatrın truppası kənddə açıq havada uşaqlar qarşısında tamaşa və əyləncəli proqramla çıxış edib. Uşaqlara hədiyyələr verilib. Teatrın rəssamları da uşaqları “face-art”la sevindiriblər.
“Uçan səhnə” layihəsinin rayonun digər kəndlərində də icra olunması nəzərdə tutulub.
***
İyunun 16-da Lənkəran Dövlət Dram Teatrının truppası mərhum yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin “Prokuror” tamaşası ilə Biləsuvarda qastrol səfərində olub.
Rayon Mədəniyyət Mərkəzində tamaşanın nümayişindən öncə Lənkəran Dövlət Dram Teatrının direktor müavini, direktor vəzifəsini icra edən İntiqam Hacılı və teatrın aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyev çıxış edərək kollektivin yaradıcılıq fəaliyyəti barədə söz açıblar.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Lənkəran teatrının truppasının rayona növbəti gəlişini təqdir edərək kollektivə uğurlar diləyib.
İcra başçısı Faiq Qürbətova və Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxova yaradıcı kollektiv adından “Teatrın dostu” diplomu təqdim edilib.
Daha sonra tamaşaya baxış olub. Tikinti trestində baş verən cinayət hadisəsi üzərində qurulmuş səhnə əsərinin rejissorları Əməkdar incəsənət xadimi Oruc Qurbanov və Anar Babalı, rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Miranda Qurbanovadır. Rolları əməkdar artist Sucəddin Mirzəyev (Səlimxan), artistlərdən Saleh Əzimzadə (prokuror Poladov), Qızılgül Quliyeva (Sona), Allahverən Babayev (Şirəhməd), Hikmət Cəfərov (Əmirxanov), Ayşən Əhədova (Sənəm), Vəfa Hacızadə (Surə), Emil Tağı (Almazov), Əlirza Şahbazi (Qəzənfər) və Teymur Hacızadə (Polis) ifa ediblər.