Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1993-cü il 19 sentyabr

 

Ali Sovetin sədri, Prezident səlahiyyətlərini icra edən Heydər Əliyev Bakıda Musiqili Komediya Teatrının yeni binasının tikintisi ilə tanış olub. Tikintiyə rəhbərlik edən Əliş Ləmbəranski məlumat verib ki, 500 nəfərlik tamaşaçı zalı olacaq teatr binası müasir avadanlıqla təchiz olunacaq. O, tikintinin 1992-ci ilin əvvəlində başlandığını, binanın 1994-cü ildə istismara veriləcəyini deyib. Bildirib ki, teatrın əvvəlki binası H.Z.Tağıyevin anbarı olub, o, tikilini teatr üçün uyğunlaşdırıb sənətsevərlərə təhvil vermişdi. İndi onun yerində daha yaraşıqlı bina ucalacaq. Binanı hərtərəfli nəzərdən keçirən Heydər Əliyev qeydlərini, memarlıqla bağlı isə iradlarını bildirib. 

“... Azərbaycanda teatr tikintisi nadir hadisədir. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vaxtilə teatra ayırdığı binadan Azərbaycan xalqı da onillərlə istifadə edib. Bu gün həmin binanın yerində yeni teatrın ucaldılması sevindiricidir. Binanın tikintisi məni nə qədər sevindirirsə, orada Azərbaycan memarlıq nümunələrinin olmaması məni bir o qədər məyus edir...”.

Heydər Əliyev Azərbaycanın tarixi memarlıq abidələrindən bəhs edərək bildirib ki, onlar məhz milli incəsənət nümunələrinin əks olunması ilə əlamətdardır: “... Teatr elə yerdir ki, ora hər gün adamlar gəlir. Teatr tərbiyə məktəbidir. Teatra gələn adam estetik zövq alır, mədəniləşir. Buna görə də teatr təkcə səhnəsi, tamaşası ilə yox, öz binası ilə də estetik zövq bağışlamalı, yadda qalmalıdır...”.

 

1993-cü il 21 sentyabr

 

Heydər Əliyev Elmlər Akademiyası Rəyasət Heyətinin binasında Azərbaycan ziyalıları ilə görüşüb. Görüşdə elm, ədəbiyyat, incəsənət xadimləri, yaradıcılıq ittifaqlarının nümayəndələri iştirak ediblər. Elmlər Akademiyasının prezidenti Eldar Salayev, Yazıçılar Birliyinin sədri Anar, Bakı Dövlət Universitetinin kafedra müdiri Yaqub Mahmudov, Teatr Xadimləri İttifaqının prezidenti Həsənağa Turabov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Xalq artisti Amaliya Pənahova və başqaları çıxış ediblər.

Görüşdə geniş nitq söyləyən Heydər Əliyev Azərbaycanda son illərdə gedən proseslər, ölkənin üzləşdiyi hərbi təcavüz, həyatın bütün sahələrini, o cümlədən mədəniyyət sahəsini bürümüş böhranla bağlı fikirlərini bölüşüb. Qeyd edək ki, bu, Heydər Əliyevin 1982-ci ildən (respublika rəhbərliyindən gedəndən) sonra Azərbaycan ziyalıları ilə belə geniş tərkibdə ilk görüşü idi.

“...Əgər biz Azərbaycanı müstəqil bir dövlət kimi dünyaya yaxşı tanıtmaq istəyiriksə, Azərbaycanın qədim tarixini, əsrlər boyu keçdiyi yolu gərək həm öz vətəndaşlarımıza, həm də bütün ölkələrdə olan elm adamlarına, respublikamıza maraq göstərən adamlara tanıdaq. Bu sahədə də tarixçilərimizin qarşısında çox böyük vəzifələr durur, onların üzərinə böyük məsuliyyət düşür...

Xalqımız qədim xalqdır, böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nə qədər dərindən çatdıra bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik hissini, həqiqi vətəndaşlıq hissini, azərbaycanlılıq hissini yüksəldərik...

Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq. Gələn il Füzulinin 500 illiyi tamam olacaq. Biz bu yubileyə yaxşı hazırlaşmalıyıq... Xatirinizdədirmi, Nəsiminin 600 illik yubileyini qeyd etdiyimiz zaman bu, dünyada nə qədər əks-səda doğurdu, Azərbaycanı nə qədər tanıtdı!...

Azərbaycan Respublikasının həm elmi, həm də mədəni potensialı böyükdür. Keçmişdə yaşayıb-yaratmış alimlərimiz, yazıçılarımız, şairlərimiz, bəstəkarlarımız böyük irs qoyub getmişdir. İndiki nəslin borcudur ki, bunların əsasında elmimizi, mədəniyyətimizi inkişaf etdirsin. Ancaq bir tərəfdən biz müstəqillik əldə edərək böyük iftixar hissi ilə yaşayırıq, digər tərəfdən isə təəssüf ki, elmi dağıdır, mədəniyyətə biganə yanaşırıq. Bazar iqtisadiyyatına keçmək o demək deyildir ki, elmə, mədəniyyətə ayrılan vəsait azaldılmalı, bu sahələr ağır maddi vəziyyətə salınmalıdır...

Məsələn, buna necə dözmək olar ki, Azərbaycan Dram Teatrının binası dörd ildir təmir olunur? 1973-cü ildə biz bütün dünyaya car çəkdik və böyük iftixar hissi ilə Şərqdə ilk müsəlman teatrının yüzilliyini qeyd etdik. Bu yubileyin necə təmtəraqla, hörmətlə keçirildiyi, yəqin ki, xatirinizdədir. İndi o teatrı xatırlamırlar.

...Necə yəni, dövlətin teatrı təmir etməyə imkanı yoxdur? Bu, nə məsələdir? Xalq üçün, onun mədəniyyətinin inkişafı üçün teatrın nə qədər əhəmiyyətli olduğunu yaxşı bilirsiniz... XX əsrin əvvəlində qabaqcıl fikirli, xalqın mədəniyyəti haqqında düşünən, həm də imkansız adamlar teatrın qayğısına qalırdılarsa, indi dövlətin bizim əlimizdə olduğu bir vaxtda nə üçün qayğını hiss etmirik.

Hacı Zeynalabdin Tağıyevə Allah rəhmət eləsin, vaxtilə teatr binası qoyub getmişdir. Sonra isə o bina dağıldı. İndi yenidən tikinti işləri yaxşı gedir, ancaq binanın memarlığına baxanda narahat oldum. Axı Azərbaycanın böyük memarlıq, rəssamlıq məktəbi var.  800-900 il bundan əvvəl Azərbaycan memarları bütün Şərqdə məşhur olan abidələr yaratmışlar... Bəs indikilər? Yeni tikilməkdə olan teatr binasında Azərbaycan memarlığının bir nümunəsini də görə bilmədim.

...Tarix, insanlar isə həmişə quranları, yaradanları qiymətləndirir. Dağıdanlar həmişə tarixdən silinmişlər, yaxud da tarixə mənfi rol oynamış adamlar kimi daxil olmuşlar...

Əgər biz xalqımızda mənəvi dəyərləri inkişaf etdirmək istəyiriksə, birinci növbədə ziyalılarımızın mənəviyyatı yüksək olmalıdır və onlar xalqın başqa təbəqələrinə nümunə göstərməlidirlər. Biz isə bu sahəyə hər cür kömək edəcəyik və mədəniyyətimiz, elmimiz, təhsilimiz inkişaf edəcəkdir...”.

Hazırladı: V.Orxan

(davamı var)