Rüstəm Minnixanov: “Bu gün təkcə bayramı qeyd etmirik, həm də Heydər Əliyevin xatirəsinə ehtiramımızı ifadə edirik”

 

Azərbaycandakı multikulturalizm mühitində özünəməxsus yeri olan tatar icması hər il Sabantuy bayramını (tatarca saban tue – “kotan bayramı”, yaz əkin-tarla işlərinin yekunu olaraq qeyd edilir) şövqlə qeyd edir. Bu il Bakıda, Dənizkənarı bulvarın ərazisində təşkil olunan Sabantuy tatar bayramı xüsusi təmtəraqla müşayiət olunub. Tatar icması builki bayramı Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edib.

İyunun 18-də keçirilən tədbirdə Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Qonaqlar əvvəlcə bulvar ərazisində yaradılmış tematik guşələrlə tanış olublar.

Sonra Azərbaycan və Tatarıstanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim edilib.

Bayram bayrağını Qarabağ müharibəsi qazisi Rasim Yaxin və “Yaşlek” Tatar Gənclər Mərkəzinin sədri Diaz Əhmədcanov qaldırıblar.

Qonaqları salamlayan iqtisadiyyat naziri Milayıl Cabbarov qeyd edib ki, Azərbaycan ilə Rusiyanı sıx əlaqələr birləşdirir. Rusiya və Azərbaycan beynəlmiləl dövlətlərdir: “Bakıda tatar diasporunun fəaliyyəti həmin dostluğun, sülh şəraitində yaşamağın, inkişaf və tərəqqinin parlaq nümunəsidir”.

R.Minnixanovun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə – Zəngilan və Cəbrayıla səfərinə (17 iyun) toxunan nazir deyib: “Tatarıstan kompaniyalarının da azad olunmuş ərazilərin bərpasında bizə kömək edəcəyi heç də təsadüfi deyil. Siz iqtisadiyyata və təsərrüfata yaxşı bələd olan dövlət xadiminə xas olan çox qiymətli təcrübənizlə həyata keçiriləcək vəzifələrin və işlərin tam həcmini gördünüz. Heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həm iqtisadiyyatın bərpası, həm də bizim qaçqınların və məcburi köçkünlərin tez bir zamanda öz doğma yurdlarına qayıtması üzrə vəzifələr yerinə yetiriləcək”.

Budəfəki bayram tədbirinin “Heydər Əliyev İli” çərçivəsində keçirildiyini deyən nazir vurğulayıb ki, Azərbaycan ilə Tatarıstan arasında münasibətlərin təməlini Ulu öndər  Heydər Əliyev və Tatarıstanın birinci prezidenti Mintimer Şaymiyev qoyub: “Bu gün də Siz İlham Heydər oğlu ilə birlikdə hamıya dostluq və qarşılıqlı əməkdaşlıq örnəyi nümayiş etdirirsiniz”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu vurğulayıb ki, Tatarıstanın Rəisi Rüstəm Minnixanovun Azərbaycana səfəri ölkəmiz üçün çox mühüm hadisədir: “Bizim Tatarıstanla qardaşlığımız Rusiya ilə müttəfiqlik əlaqələrimizin tərkib hissəsidir. Çox şadıq ki, bu gün Tatarıstanda belə gözəl hadisələr baş verir. Elə bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri ilə birlikdə Kazana səfər etdik və tatar xalqının nailiyyətlərinin şahidi olduq, həmçinin sizin gözəl paytaxtınızı gördük”.

P.Bülbüloğlu vurğulayıb ki, Azərbaycanda Sabantuyun bayram edilməsi ənənəvi xarakter daşıyır. Budəfəki bayram daha böyük məna kəsb edir, çünki Tatarıstanın rəhbərinin iştirakı ilə keçirilir.

Tədbirdə çıxış edən Rüstəm Minnixanov bildirib ki, gözəl və qardaş şəhər olan Bakıda olmaq onun üçün böyük şərəfdir: “Biz bu gün təkcə belə böyük bayram olan Sabantuyu qeyd etmirik, həm də çox gözəl insan Heydər Əliyevin xatirəsinə ehtiramımızı ifadə edirik. O, Sovet İttifaqının inkişafına böyük töhfə verib. Heydər Əliyev respublikamızın ən yaxın dostu və bax bu gözəl ölkənin böyük xidmətləri olan atası idi”.

Sonra bir sıra şəxslərə Tatarıstan Respublikasının dövlət mükafatları təqdim edilib. Təltif olunanlar arasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da var. Millət vəkili  “Tatarıstan 1920-2020” yubiley medalı ilə təltif edilib.

Bayram tədbiri tatar xalqının mədəni irsini, adət-ənənələrini əks etdirən təqdimatlarla yadda qalıb.

“Baursak evi” adlanan sahədə çayxana kimi stilizə edilmiş fotozona təqdim olunub. Orada iştirakçılar həmçinin tatar şirniyyatları, çay, keramika və “baursak” adlanan şirniyyatlara qonaq edilib. Bundan əlavə, burada taxta samovar şəklində çay stendlərində milli naxışların çəkilməsi üzrə ustad dərsi keçirilib.

“Milli müdriklik evi” adlanan sahədə tatar ictimai xadimlərinə və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mənəviyyat, mədəniyyət, maarifçilik” adlı sərgi ekspozisiyası hazırlanıb. Burada həmçinin soyağacının tərtibi, maqnitlərin, tatar ilahiyyatçısı Rizaetdin Fəxrəddinin sitatları olan nişanların, stolüstü molbertlərin üzərində tatar ornamentlərinin, tatar qadın baş geyimləri – kalfakların hazırlanması, milli naxışlarla rəsmlərin çəkilməsi üzrə tematik ustad dərslərində iştirak etmək mümkün olub.

Mədəni proqram çərçivəsində xalq sənəti yarmarkası və müxtəlif müsabiqələr də keçirilib. Sabantuy iştirakçıları tatar güləşi, qaşıqla qaçış, torbada qaçış, boyunduruq ilə qaçış, pəhləvan çəkici, “Dost ailə” və s. idman-əyləncə oyunlarında da iştirak ediblər.