Aralıq dənizində batanlardan 300-ü pakistanlıdır...
Liviyadan İtaliyaya qeyri-leqal mühacirləri daşıyan irihəcmli motorlu qayığın iyunun 14-də Yunanıstan sahillərində qəzaya uğraması nəticəsində ən azı 300 Pakistan vətəndaşı həlak olub.
Bu barədə Pakistan rəsmi qurumlarının məlumatında bildirilir.
Pakistanın Baş naziri Şahbaz Şərif qayığın batması ilə bağlı hadisənin səbəblərinin müəyyən olunması üçün yüksək səviyyədə təhqiqatın aparılmasına göstəriş verdiyini bildirib. O, həmçinin Xarici İşlər Nazirliyinə itkin düşənlər haqqında məlumatın əldə olunması üçün bütün səviyyələrdə təcili tədbirlər görməyi tapşırıb.
Qeyd edək ki, Yunanıstanın Peloponnes yarımadasında yerləşən Pilos şəhəri sahillərində Liviyadan İtaliyaya qeyri-leqal mühacirləri daşıyan balıqçı qayığı batıb. Suriya, Misir, Fələstin və Pakistandan olan 750-dək kişi, qadın və uşaqdan yalnız 104-ü xilas edilib, 78 nəfərin cəsədi tapılıb. Qalanlar sulara qərq olub.
Hadisə ilə bağlı doqquz nəfər, o cümlədən balıqçı qayığının kapitanı həbs edilib. Aralıq dənizində baş verən faciə ilə bağlı Pakistanda matəm elan edilib. Qaçaq səfərin təşkil edilməsi ilə bağlı ölkədə onlarla adam həbs olunub.