Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairə Esmira Günəşin və Səmilə Abdullazadənin şəhidlərə həsr olunmuş kitablarının təqdimat mərasimi keçirilib.

Tədbirdə Bakı və Sumqayıt şəhərlərinin şəhid ailələri, müxtəlif orta məktəblərin müəllim və şagird heyəti, kitabxananın kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini Günay Həsənova 44 günlük Zəfər tarixindən danışaraq bu Qələbənin Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin müdrik siyasəti, ali diplomatik bacarığı, bütöv bir xalqın birliyi, qələbəyə olan sonsuz inamı və rəşadətli Ordumuzun şücaəti, igid Azərbaycan oğullarının qəhrəmanlığı sayəsində qazanıldığını söyləyib. Qeyd edib ki, Vətən mərd oğulları ilə tanınır və bu oğulları Vətən üçün yetişdirən isə mərd analardır.

O, müəllif Esmira Günəş haqqında məlumat verərək bildirib ki, müəllif şəhidlərə həsr etdiyi kitablarında yarımçıq qalan arzuları dilə gətirməklə şəhid ailələrinin acısına məlhəm olmağa çalışıb.

Tədbirdə Esmira Günəş Sumqayıt şəhər internat tipli gimnaziyanın müəllimi Ruhiyyə Paşayeva və həmin gimnaziyanın şagirdi Şəbnəm Osmanovaya “Günəşin Nuru” ədəbi məclisi adından fəxri fərmanı təqdim edərək, böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində təhsil, elm, mədəniyyət ocaqlarının əhəmiyyətindən danışdı.

Daha sonra 24 nömrəli məktəbin şagirdi Leyla Məmmədova sözləri şairə Esmira Günəşə aid olan, şəhid analarına həsr olunmuş mahnını ifa edib. Sumqayıt şəhər 1 nömrəli məktəbin şagirdi Elgün Abbaszadə isə müəllifin şəhidlərə ithaf etdiyi şeirini söyləyib.

Tədbirdə, eyni zamanda, Səmilə Abdullazadənin oğlu şəhid Həsənağa Abdullazadəyə həsr etdiyi “Zəfərimizin qəhrəmanı” adlı kitabı təqdim olunub. Kitabda şəhidin bioqrafiyasının, onun haqqında xatirələrin, ona həsr olunmuş şeirlərin yer aldığı bildirilib.

Tədbirdə şəhid ailələri xatirələri ilə bölüşüb və tədbir boyunca vətənpərvərlik mövzusunda videomateriallar nümayiş olunub.

Tədbirin sonunda Esmira Günəş müəllifi olduğu kitabları kitabxanaya hədiyyə edib.