ADA Universitetində təşkil olunan “Əcnəbi diplomatlar üçün xarici siyasət proqramı – 2023” beynəlxalq təliminin iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.

ADA Universitetindən bildirilib ki, səfər zamanı əcnəbi qonaqlar şəhərdə otuz ilə yaxın davam etmiş işğal dövrünün dağıdıcı nəticələrini öz gözləri ilə görüb, Şuşada aparılan bərpa-quruculuq işləri barədə məlumat alıblar.

Xarici diplomatlar Gövhər ağa məscidini, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün güllələnmiş heykəllərini ziyarət edib, Şuşada yeni qurulan Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olub, Natəvanın evinin xarabalığına baxıb, Qala divarları önündə, Cıdır düzündə şəkillər çəkdiriblər.

22 ölkədən diplomatların iştirakı ilə iki həftə davam edən proqramda Xarici İşlər Nazirliyinin əməkdaşları, ADA Universitetinin professor-müəllim heyəti, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ARDNŞ, ANAMA, Azərbaycan Turizm Bürosu və digər qurumların nümayəndələri tərəfindən təqdimat və mühazirələr təşkil olunub.