Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında iyunun 17-də Fransa yazıçısı Viktor Hüqonun “Ölüm məhbusunun son günü” romanı əsasında hazırlanan tamaşanın premyerası olub.
“Edama məhkumun son günü” adlı tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan MR-in Əməkdar rəssamı Səyyad Bayramov, xoreoqrafı Lamiyə Əliyevadır. Psixoloji dram janrında olan səhnə əsərində rolları Naxçıvan MR-in Əməkdar artisti Səməd Canbaxşiyev, Mehri Nəbiyeva və Məmməd Mehdiyev ifa edirlər.
Tamaşada haqqında ölüm hökmü çıxarılmış yoxsul bir atanın edam olunacağı ana qədər yaşadığı iztirablar, keçirdiyi sarsıntılar öz dili ilə ifadə edilir. Xəstə qızına çörək oğurlamaq istəyən ata bilmədən kiminsə ölümünə səbəb olur və ona ölüm cəzası verilir. Edama məhkum olunmuş ata (S.Canbaxşiyev) gah həbsxana divarları arasından qaçmaq üçün çabalayır, gah da hökmün ləğv olunması üçün hakimlərə yalvarır. Keçmiş xoşbəxt günlərini xatırlayan ata ölümü gözləməyin ölməkdən daha ağır və daha dəhşətli olduğunu dilə gətirir.
V.Hüqonun Naxçıvan teatrında ilk dəfə səhnələşdirilən məşhur əsərinin tamaşası alqışlarla qarşılanıb.
Xatırladaq ki, “Edama məhkumun son günü” tamaşası bu il 140 yaşını qeyd edən Naxçıvan teatrında reallaşan dördüncü premyeradır. Martın 11-də “Lənkəran xanının vəzirinin sərgüzəştləri” (Mirzə Fətəli Axundzadə) komediyası Həcərxanım Məmmədovanın, aprelin 19-da “Cibimizdəki dəlilik” (Mehmet Ümit Görgülü) tamaşası S.Canbaxşiyevin, iyunun 6-da isə “Xilaskar” (Aqşin Babayev) səhnə əsəri Xalq artisti Kamran Quliyevin quruluşlarında təqdim olunub.