Mingəçevir kollektivi “Qonaq teatr” layihəsində

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə reallaşan “Qonaq teatr” layihə sayəsində paytaxtdan kənardakı teatrlar Bakıya səfər edir və tamaşaçılar, eləcə də mütəxəssislər qarşısında çıxış edirlər. Beləcə, bir tərəfdən həm öz yaradıcılıq imkanlarını nəzərdən keçirmək, digər tərəfdən də sənət əlaqələrini möhkəmlətmək, mövcud problemləri daha aydın görüb həll etmək imkanı qazanırlar.

Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi çərçivəsində həyata keçirilən layihənin növbəti iştirakçısı – Mingəçevir Dövlət Dram Teatrının yaradıcı heyəti iyunun 19-da paytaxtda sənətsevərlərlə görüşdü. Repertuarlarına yenicə daxil etdikləri “Varlı qadın” ilə.

ATXİ-nin böyük zalında göstərilən tamaşa maraqla izlənildi. Məlumat üçün deyək ki, “Varlı qadın” dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin müxtəlif teatrlarda (o cümlədən ölkəmizin hüdudlarından kənarda) ən çox tamaşaya qoyulan pyesidir. Əsər Mingəçevir teatrında özünün 21-ci quruluş həllini tapıb.

Tamaşaya son dövr fəaliyyətini Mingəçevir Dövlət Dram Teatrı ilə bağlayan qocaman sənətkar, Xalq artisti Valeh Kərimov quruluş verib və özü də rollardan birini (Sarı) oynayır. Digər rolları teatrın direktoru Əməkdar artist İntiqam Soltan (Vəkil), aktyor heyətindən Könül Hacıyeva (Həvva Zərlinskaya), Cavidan Abdullayev (Qara), Asim Məmmədov (Dilənçi),  Aytən İsmayılova (Şadxəbər), Nargilə Abdullayeva (Bədxəbər), Firuz Hacıyev (Cangüdən), Natiq Fərzəliyev (Pəhləvan), Paşa Salmanov (Əlvan) ifa edirdilər. Rejissorun komik hadisələr fonunda dramatik çalarlar da qatmağa çalışdığı səhnə işinin quruluşçu rəssamı Əməkdar rəssam Rafael Həşimov, musiqi tərtibatçısı Elnur Rəsulovdur.

Nümayişdən sonra yaradıcı kollektivi təbrik edən ATXİ-nin sədr müavini Xalq artisti Hacı İsmayılov Mingəçevir teatrına yeni uğurlar arzuladı, “Qonaq teatr” təşəbbüsünün davam edəcəyini də əlavə etdi.

Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan və tamaşanın rejissoru Valeh Kərimov milli teatr sənətinin inkişafındakı xidmətlərinə, dramaturq Əli Əmirli isə ölkə teatrlarının repertuarını orijinal sənət nümunələri ilə zənginləşdirdiyinə görə ATXİ-nin fəxri fərmanları ilə təltif olundular.

Həmidə