Bəzən şair rəssam olub rənglərin “dilindən” anlamağı arzulayır. Rəssam da sözlərin sirrini aça bilməyin eşqi ilə yaşayır. Deməli, hər iki məqamda sirrin açılmasından söhbət gedir: sözlərin və rənglərin.

“Mədəniyyətə könül verənlər” rubrikasında bu dəfə rənglərin sirrini açmağa çalışanlardan ağdaşlı rəssam Məlahət İsmayıl haqqında bəhs edəcəyik.

O, məktəbli yaşlarından rəssamlığa maraq göstərib. Bir ara fransız dili müəllimi olmaq arzusu ilə yaşayıb. Ancaq memar olan atasının yaradıcılığı sənət, peşə yönünü dəyişdirib: “Atam memar idi, qrafika janrında əsərlər də çəkirdi. Bir gün məktəbdən qayıtmışdım. Həyətimizdə təmir işləri gedirdi. Yeşiklərin birində vaxtilə çəkilib yığılmış kiçikölçülü rəsmlər gördüm. Anamdan bunları kimin çəkdiyini soruşdum. Atamın əl işləri olduğunu dedi. Rəsmlərə dönə-dönə baxdım. Artıq qərarımı vermişdim. Axşam atam işdən evə gələndə ona böyüyəndə rəssam olacağımı dedim...”.

Məlahət İsmayıl 1979-cu il dekabrın 31-də Ağdaş şəhərində anadan olub. M.İsayev adına şəhər tam orta məktəbinin 9-cu sinfini bitirib. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (indiki Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Rəssamlar İttifaqının üzvüdür. Hazırda Ağdaş rayon Mədəniyyət Mərkəzində rəssam kimi fəaliyyət göstərir.

Uşaq vaxtı çəkdiyi ilk rəsmi, daha doğrusu, atasının diplom işini necə korlamasını indi təbəssümlə xatırlayır: “Atam Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirib. Həmin gün gecədən keçənədək diplom işi üzərində çalışırdı. Səhərə yaxın atamı yuxu aparmışdı, mən də stolun üstündəki qələmi götürüb layihənin üzərinə ana, ata və uşaq şəklini çəkdim... Özümdə rəssamlıq qabiliyyəti görəndən sonra ilk ciddi əl işim isə 20 Yanvar şəhidi Müşfiq İsayevin portreti olub. Yağlı boya ilə çəkdiyim həmin əsəri şəhidin adını daşıyan və mənim təhsil aldığım məktəbə hədiyyə etmişəm”.

Məlahət xanım rənglərlə işləməyi sevir: “Çünki rənglər mənim həyatımdır. Əsərlərimdə qırmızı və göy rənglər üstünlük təşkil edir. Şəxsi həyatımda da qırmızı və göy rəngdən çox istifadə edirəm. İnanmıram ki, vaxt keçdikdə həmin rəngləri dəyişə biləm”.

Bakıda təşkil olunan sərgi və müsabiqələrdə tez-tez iştirak etdiyini söyləyən rəssamın 18 yaşında ilk fərdi sərgisi keçirilib: “Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan ilk sərgim “Qadın dünyası” adlanırdı. Sonrakı illərdə də fərdi sərgim təşkil edilib. 2005-ci ildə Ağdaşda 5-ci sərgim açılmışdı. Həmin vaxt Prezident İlham Əliyev və ailəsi də rayonda səfərdə idi. Dövlət başçısı açıq havada keçirilən sərgimə baxdı. “Ağdaşın mənzərəsi” adlı əsərimi birinci xanım Mehriban Əliyevaya hədiyyə elədim”.

Vətən müharibəsindəki şanlı Zəfərimiz Məlahət xanımın yaradıcılığında yeni üfüqlər açıb. O, şəhid qəhrəmanlarımızın portretlərini çəkməyə başlayıb. Bu günədək 530-a yaxın şəhidin portretini çəkib. Bundan sonra da şəhidlərimizin portretlərini hazırlayıb ailələrinə hədiyyə edəcəyini bildirir: “2022-ci il mayın 7-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində fərdi sərgim təşkil edildi. Şəhid ailələri və yaxınları, rayon nümayəndəliyinin iştirak etdiyi sərgidə şəhidlərimizə həsr olunan rəsmlər, həmçinin 250-dən çox şəhidin portreti nümayiş etdirildi. 10 gün açıq olan sərgini rayon məktəbliləri, yerli sakinlər, digər rayonlardan da insanlar ziyarət etdilər. Sərgi bitdikdən sonra həmin portretləri şəhidlərin ailələrinə bağışladım”.

Yaradıcılığında tanınmış fırça ustası mərhum Yavuz Kərimovu örnək götürən rəssam fəaliyyət göstərdiyi dərnəkdə uşaqlara da sənətin sirlərini həvəslə öyrədir.

Məlahət İsmayılın əsərləri Fransa, ABŞ, Almaniya, Rusiya, İran, İsrail və başqa ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. Yaxın zamanlarda Bolqarıstan, Türkiyə, Fransa və İtaliyada beynəlxalq sərgi və simpoziumlara qatılacağını deyir. Biz də ona sənət yolunda uğurlar arzulayırıq.

Nurəddin