Naxçıvan Dövlət Universitetində (NDU) akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü Rafiq Əliyevin “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə reallaşan tədbirdə universitetin rektoru Elbrus İsayev kitab münasibətilə müəlliflərə təbriklərini çatdırıb. Qeyd edib ki, kitabda müəlliflər yeni elmi yanaşmaları ilə oxucuların diqqətini çəkməyi bacarıblar.

AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin (1921-2017) qeyri-səlis məntiq nəzəriyyəsinin əhəmiyyətindən söhbət açıb. Bildirib ki, “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabını oxuyandan sonra bir daha aydın oldu ki, bu nəzəriyyənin arealı nə qədər geniş, nə qədər böyük tədqiqata açıq olan mövzudur. Kitab indiyə qədər araşdırılmış əsərlərə yenidən baxmaq imkanı yaradır. Nəşrdə “Dədə Qorqud” boylarında verilən hadisələrə maraqlı baxış ortaya qoyulub və qeyd olunan nəzəriyyə ilə güclü əlaqələndirmə aparılıb. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov, NDU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov, Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xumar Məmmədova çıxış edərək yeni nəşri müxtəlif aspektlərdən təhlil edib, yüksək dəyərləndiriblər. 

Kitabın həmmüəlifi, "Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidenti, texnika elmləri doktoru, AMEA-nın müxbir üzvü Rafiq Əliyev çıxışında Lütfi Zadəni Nyutonla, Eynşteynlə müqayisə ediləcək dahi alim kimi qiymətləndirib və Kamal Abdulla ilə ərsəyə gətirdiyi bu kitabda da həmin nəzəriyyənin nə qədər heyrətamiz olmasısını göstərməyə çalışdıqlarını diqqətə çatdırıb. Bildirib ki, L.Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnməklə ərsəyə gələn bu əsərdə qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik sütun və münasibətlər sütunu haqqında yazılıb.

Kitabın digər həmmüəllifi, Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla nəşrin kibernetiklərlə filoloqların möhtəşəm görüşünün nəticəsi kimi ərsəyə gəldiyini diqqətə çatdırıb: “Bu söhbətlərin nəticəsində “Dədə Qorqud” və L.Zadənin qeyri-səlis məntiq – iki möhtəşəmlik bir-birinə yaxınlaşıb. Araşdırmalar sübut edir ki, “Dədə Qorqud” mövzusu heç zaman tükənməyəcək. Dastanın mətni göstərir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı və demokratik yanaşma tərzi, başqa sözlə desək, tolerantlıq xalqımıza qədim zamanlardan bəri xas olan əbədi bir dəyərdir”.

Təqdimatdan sonra müəlliflərin tələbələrlə görüşü olub. Görüşdə elm adamları həyat və yaradıcılıq yollarından, elmi əsərlərinin yazılma tarixindən danışıb, müəllim və tələbələrin suallarını cavablandırıblar. 

Sonda Naxçıvan Dövlət Universiteti adından qonaqlara xatirə plaketi təqdim olunub. 

Tədbir çərçivəsində Azərbaycan Dillər Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.