Avqustun 24-dən 27-dək Gürcüstanın Kvemo Kartli bölgəsi Marneuli bələdiyyəsinin Tserakvi kəndində “One Caucasus” (“Vahid Qafqaz”) beynəlxalq musiqi festivalı keçiriləcək. Festivala Azərbaycan musiqiçiləri də dəvət olunublar.

2014-cü ildən keçirilən festivalın əsas məqsədi Cənubi Qafqazda yaşayan gənclərə ruhlandırıcı məkan yaratmaqdır.

“One Caucasus”un saytında yer alan məlumatda bildirilir: “Cənubi Qafqaz regionu illərdən bəri bir çox münaqişələrdən əziyyət çəkir. Kvemo Kartli bölgəsi Gürcüstan, Ermənistan və Azərbaycanın sərhəd bölgəsidir və uzun illərdir ki, bir çox etnik və dini qrupların sülh şəraitində yaşadığı bir yer olaraq tanınır. Bu, bir sıra gərginlik və münaqişələrdən əziyyət çəkən Qafqaz üçün olduqca unikaldır. Məqsədimiz yerli bələdiyyənin dəstəyi ilə bütün Qafqaz bölgəsindən olan gənclərin görüşlərini və əməkdaşlığını təşviq etmək üçün ruhlandırıcı və təhlükəsiz bir məkan yaratmaqdır”.

“One Caucasus” festivalı dünyanın müxtəlif yerlərindən musiqiçiləri, rəssamları, könüllüləri bir araya gətirir. Festivala Kvemo Kartli bölgəsi gənclərinin “One Caucasus” təhsil proqramı çərçivəsində yaratdığı incəsənət layihələri (filmlər, instalyasiyalar və s.) də daxildir.

Məlumatda qeyd olunur ki, festivala qatılanların nəqliyyat və yerləşdirmə xərclərini təşkilatçılar qarşılayır.