Laçın şəhərində “Art Passage” yaradıcılıq mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə gənc rəssamların pleneri keçirilir. 20-24 iyun tarixlərini əhatə edən “Laçına qayıdan yol” adlı layihədə Azərbaycan Rəssamlıq Akademiyasının 17 məzunu müasir şəhər kimi yenidən canlanan Laçının gözəl mənzərələrindən etüdlər yaradırlar.
30 il davam edən işğal boyunca Qarabağı dahi Səttar Bəhlulzadənin, Mikayıl Abdullayevin və əslən laçınlı Nadir Əbdürrəhmanovun tablolarından izləyən gənc rəssamlar özləri indi Laçındadırlar. Artıq nə xatirələrdən, nə fotolardan – gözləri qarşısında açılan naturadan yeni əsərlər yaradırlar. Bu mənada gənc rəssamların Laçında keçirilən ilk pleneri sənət hadisəsi sayıla bilər.
“Art Passage” yaradılıcılıq mərkəzinin təşkilatçılığı ilə növbəti mərhələdə Azərbaycanın məşhur rəssamlarının iştirakı ilə Laçında simpoziumların və beynəlxalq plenerlərin keçirilməsi nəzərdə tutulur.