Qazaxıstan şirkətlərinin azad edilmiş ərazilərdəki layihələrdə iştirakı müzakirə olunub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib.

Azərbaycanla Qazaxıstan arasında münasibətlərin strateji xarakter daşıdığını deyən dövlət başçısı əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, ikitərəfli münasibətlərin gündəliyinin geniş olduğunu bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən il Azərbaycana, özünün isə bu il Qazaxıstana səfəri zamanı əldə edilmiş razılıqların uğurla həyata keçirildiyini və onların icrasının daim diqqətdə saxlanıldığını bildirən İlham Əliyev bunu əməkdaşlığımızın yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş məkanda əməkdaşlıq üçün böyük önəm daşıdığını qeyd edib. Azərbaycan Prezidenti bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib, bütün bunların ticarət dövriyyəsinin həcminin artırılması, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə böyükmiqyaslı layihələrin həyata keçirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Bu il 100 illik yubileyi qeyd olunan Ümummilli lider Heydər Əliyevin Qazaxıstana həmişə səmimi dostluq münasibəti bəslədiyini deyən qonaq bildirib ki, aprel ayında Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə Heydər Əliyev küçəsinin açılışı ölkələrimizin və xalqlarımızın birliyini bir daha təcəssüm etdirib.

Azərbaycanla Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirən Alixan Smailov ölkəmizin Qazaxıstan üçün Cənubi Qafqazda ən mühüm iqtisadi-ticarət tərəfdaşı olduğunu, ötən ilin nəticələrinə görə qarşılıqlı ticarətin həcminin 460 milyon dolları keçərək 40 faiz artdığını diqqətə çatdırıb. Qeyd edib ki, bu göstəricinin daha da artırılması üçün imkanlar var.

Görüşdə Qazaxıstan tərəfindən Füzuli şəhərində uşaqlar üçün Yaradıcılığın İnkişafı Mərkəzinin inşası yüksək qiymətləndirilib, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olunub, ölkələrimiz arasında neft, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, gəmiqayırma, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı dost ölkə Qazaxıstan şirkətlərinin də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müxtəlif layihələrdə iştirakı perspektivləri müzakirə olunub.