“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı iyunun 23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif konsert proqramları ilə davam edib.

Şuşanın müxtəlif məkanlarından, mədəni və qədim tarixi abidələrinin yerləşdiyi ərazilərdən muğam sədaları eşidilib. Şuşadakı Yaradıcılıq Mərkəzində, Xurşidbanu Natəvanın evinin (otuzillik işğal zamanı dağıdılmış tiklinin, sadəcə, divarları qalıb – red.) qarşısında, həmçinin Bülbülün Ev-Muzeyinin həyətində, “Qarabağ” hotelinin qarşısındakı parkda konsert proqramları təqdim olunub.

Şuşadakı Yaradıcılıq Mərkəzində təşkil olunan konsertdə Nəzakət Teymurova “Bayatı-Şiraz”, Firuz Səxavət “Mahur-hindi”, Cabir Abdullayev “Zabul-segah” dəsgahlarını, Nuriyyə Hüseynova “Çahargah” kompozisiyasını ifa ediblər.

Növbəti konsert proqramı Xurşidbanu Natəvanın evinin qarşısında keçirilib. Proqramda İlkin Əhmədov, Gülyaz Məmmədova, Almaz Orucova, Gülüstan Əliyeva çıxış ediblər.

Bülbülün Ev-Muzeyi və “Qarabağ” hotelinin qarşısında keçirilən konsert proqramında Gülyanaq Məmmədova, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Simarə İmanova, Qəzənfər Abbasov, Mütəllim Dəmirov, Gülnar Qüdrətli “Xudayar” təsnifi, “Bayatı-Şiraz”, “Segah”, “Mahur” və digər muğam və təsniflərimizi, xalq mahnılarımızı təqdim ediblər.

Festival iştirakçıları, həmçinin digər ölkələrdən gəlmiş qonaqlar Şuşa şəhərində tarixi-mədəni abidələrlə tanış olublar. Onlara Şuşada aparılan yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, otuz ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb.

"Şuşa bizim üçün çox önəmli və dəyərli bir yerdir. Türk mədəniyyəti paytaxtında olmaqdan qürur duyuram. Şuşa gözəl şəhərdir. Təbiəti, havası insanı valeh edir. Muğam Azərbaycan üçün çox dəyərlidir. Biz də bu günlərdə Bakıda keçirilən muğam müsabiqəsi üzrə layiqli qaliblər seçdik", - deyə Türkiyə Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akat təəssüratını ifadə edib.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı iyunun 18-də başlayıb. Festival iyunun 25-də sona çatacaq.