Özbəkistan Dövlət Konservatoriyasında xalq çalğı alətləri ifaçılığı üzrə bakalavr və magistr buraxılış kurslarının dövlət imtahan komissiyasına bu il azərbaycanlı bəstəkar, Əməkdar artist, dosent Vüqar Camalzadə sədrlik edib.

Tədris ocağının rəhbərliyi tərəfindən komissiyanın sədri qismində Daşkəndə dəvət olunduğunu deyən bəstəkar ümumilikdə 100 məzundan imtahan götürdüklərini bildirib. O, gənclərin bilik səviyyəsi və istedadını yüksək qiymətləndirib.

Konservatoriya rəhbərliyi onunla gələcəkdə də əməkdaşlıq etmək təklifini irəli sürüb. Vüqar Camalzadəyə fəxri diplom və xatirə hədiyyələri təqdim edilib. O, Səmərqəndə də səfər edib, qədim şəhərin görməli yerləri ilə tanış olub.