26 iyun Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür. BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən qeyd olunan gün münasibətilə bölgələrdə bir sıra tədbirlər təşkil olunub.

Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti və şəhər Gənclər və İdman İdarəsinin məsul şəxsləri, mərkəzin əməkdaşları, ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak ediblər.

Oğuz rayon Mərkəzi Kitabxanası və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya – gələcəyi olmayan həyat” mövzusunda elmi-praktik konfrans keçirilib. Çıxış edənlər narkotik vasitələrin insan həyatına vurduğu məhvedici təsirlərdən, doğurduğu faciələrdən söhbət açıb, Oğuz rayonunda da gənclərin sağlamlığının qorunması, onların yaşam tərzində fiziki aktivliyin artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildiriblər.

Qax rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə narkomaniyanın gənclər arasında yaratdığı asılılıqdan və onun ağır fəsadlarından bəhs edən sənədli film nümayiş olunub.

***

Sumqayıt şəhər Gənclər Kitabxanasında “Sağlam gənclik üçün narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib. Bəşəri bəladan qurtulmanın yolları barədə gənclərlə söhbətlər aparılıb, narkomaniyadan bəhs edən videoçarx nümayiş etdirilib.

***

Şəmkir rayon MKS-nin Uşaq şöbəsi “Narkomaniya – gələcəyi olmayan həyat” başlıqlı tədbir təşkil edib.

Göygöl rayon Mədəniyyət Mərkəzi rayon Polis Şöbəsinin müvafiq bölməsi ilə birlikdə "Narkotikə yox deyək!" başlıqlı maarifləndirici tədbir keçirib. Zərərli vərdişlərin ailələrdə törətdiyi fəsadlardan söz açılıb, hər kəsin narkotik və psixotrop maddələrdən uzaq olmağı tövsiyə edilib.

***

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə tədbir təşkil edilib. Qeyd olunub ki, narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gənclik yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə qarşı profilaktik tədbirlər görmək lazımdır.

***

Biləsuvar Rayon İcra Hakimiyyəti, rayon Heydər Əliyev Mərkəzi, Gənclər və İdman İdarəsi, Gənclər evi və Gənclərin İnkişaf və Karyera Mərkəzi Biləsuvar nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Özümüzü narkomaniyadan qoruyaq!” adlı maarifləndirici tədbir keçirilib. Əvvəlcə gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış olub. Sonra gənclərin iştirakı ilə park ərazisində “Narkotiklərə yox!” adlı fləşmob təqdim edilib.

***

Ağstafa rayon Heydər Əliyev Mərkəzində "Narkomaniyaya qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir!" mövzusunda tədbir keçirilib. Çıxışlarda narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsi və onun insan orqanizminə vurduğu zərər haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıyıq.

Tovuz rayon Heydər Əliyev Mərkəzi, rayon Mərkəzi Kitabxanası, Tarix-Diyarşünaslıq Muzeyi və Peşə liseyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə "Narkomaniyaya yox deyək!" adlı videoçarx nümayiş olunub.

***

Samux rayon MKS-nin Uşaq şöbəsi “Sağlamlığınızın qədrini bilin!” adlı dəyirmi masa keçirib. Narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, gəncləri belə neqativ əməllərdən çəkindirmək, onları daha düzgün və uğurlu yola yönəltmək valideynlərdən və əsasən də müəllimələrdən asılıdır. Tədbirin sonunda uşaqları maraqlandıran suallar cavablandırılıb.

Hazırladı: N.Məmmədli