Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Heydər Əliyev İli” çərçivəsində “Ulu öndər və Qarayev məktəbi” adlı tədbir keçirilib. Qara Qarayevin Ev-Muzeyi ilə birgə təşkil olunan tədbir Ümummilli liderin 100 və dahi bəstəkarın 105 illiyinə həsr edilib.
İttifaqın sədri Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan, Qara Qarayevin bəstəkar və müəllim kimi Azərbaycan musiqisinə töhfələrindən söz açıb.
Mövzu ilə bağlı çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı Azərbaycan musiqi mədəniyyətində Qara Qarayevin yetirmələrinin mövqeyini xüsusi vurğulayıb.
Bəstəkarın qızı Züleyxa Qarayeva-Bağırova tədbirin iştirakçılarına təşəkkürünü bildirib.
Bədii hissədə Bakı şəhər Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbi şagirdlərinin ifasında görkəmli bəstəkarın əsərləri səsləndirilib. Həmçinin Q.Qarayevin yetirmələri – Xalq artistləri Firəngiz Əlizadə, Tofiq Bakıxanov və Azər Dadaşovun Heydər Əliyevə həsr olunan əsərləri ifa olunub.
Tədbirdə “Musiqi aləmində” jurnalının (baş redaktor S.Təhmirazqızı) Qara Qarayevə həsr olunan nömrəsi də təqdim olunub. Jurnalda Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi haqqında məqalə də (müəllif məktəbin müəllimi, musiqişünas Nabat Əsgərova) nəşr edilib.