Xəbər verdiyimiz kimi, 21-23 iyun tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə uşaqlar üçün “Göydən üç alma düşdü” adlı nağıl günləri keçirilib.

Xətai rayonundakı Heydər Əliyev parkında təşkil olunan tədbirə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin dəstəyi ilə ölkəmizə gələn Bursa Böyükşəhər Bələdiyyəsinin nümayəndələri də, eləcə də musiqiçi və nağılçılar da qatılıblar.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası da bu layihədə iştirak edib. Kitabxananın təşəbbüsü ilə uşaq yazarları Solmaz Amanova və Gülzar İbrahimova uşaqlara əsərlərindən nümunələr oxuyublar.

Nağıl günlərində uşaqların təqdimatında bayatılar, sanamaclar, qaravəllilər, mahnı və rəqslər təqdim edilib.

Tədbirdən sonra Türkiyədən gələn nağılçılar Ertuğrul Bozkurt (hekayətçi, yaradıcı dram müəllimi, aktyor), Hilal Koçyığıt (hekayətçi, yazıçı, təlimçi), Taner Baba (musiqiçi, müəllim), Taher Ayne (musiqiçi, müəllim) və Bursa Böyükşəhər Bələdiyyəsinin əməkdaşları Respublika Uşaq Kitabxanasının qonağı olublar.

Onlara kitabxana haqqında məlumat verilib. Yazıçı Hilal xanım Koçyigit tərtibçisi olduğu “Türk dünyası masalları” nağıl kitablarını kitabxananın fonduna hədiyyə edib.