“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının tədbirlərindən biri də iyunun 24-də İçərişəhərdə, Şirvanşahlar Sarayında təşkil edilən “Muğam marafonu” olub.

İyirmi dörd saat ərzində keçirilən layihənin hər saatında eyni məkanda növbə ilə 24 xanəndə müşayiətçi heyətlə birgə muğam ifa ediblər.

Layihənin məqsədi muğamın mədəni kimliyimizin tərkib hissəsi kimi hər zaman bizimlə olduğunu nümayiş etdirmək, bu ecazkar sənət dünyasına səyahət imkanı yaratmaqdır.

“Muğam marafonu”nun iştirakçısı Əməkdar artist Təyyar Bayramov deyib: ““Bu layihədə bir çox xanəndəmiz iştirak edir. Mən də sənət dostlarım – Rəşad İbrahimov, Təbriz Yusubov, Vüsal Bayramovla birlikdə “Şur” muğamını ifa etdim. Dinləyicilər çox maraqla qarşıladılar”.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı iyunun 18-dən 25-dək davam edib.